“Öz dərdim yadıma düşmür, kiminsə dərdinə ağlayırdım, baxmayaraq ki, faciə yaşamışdım...”

“Öz dərdim yadıma düşmür, kiminsə dərdinə ağlayırdım, baxmayaraq ki, faciə yaşamışdım...”

5 Avqust 2023 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

“Hər mahnını oxumaq olar. “Bilməzdim” mahnımı cəhd etdilər, amma oxuya bilmədilər. Zəng edib mahnılarımı oxumaq üçün icazə istəyən gənclər çoxdur. Onlardan xahiş edirəm ki, musiqiyə, mahnının sətrinə dəyməsinlər. Çox rahatlıqla icazə verirəm, amma mahnıya toxunmasınlar. Mahnını bəstəkar yazır verir müğənniyə. Müğənni də mahnının üzünü ağardır. Artıq mahnı nə müğənninindir, nə də bəstəkarın. Mahnı xalqındır. İcazə istəyənlər sağ olsunlar. Tərbiyəsi çatanlar zəng edib, icazə istəyirlər”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Flora Kərimova deyib.

“Hər ifa, hətta ürəyimcə olmayan ifa da mahnını yaşadır. Mən özüm də sənətkarlardan belə münasibət görməmişəm. Nə Sara xanım, nə Şövkət xanım, Nə Rübabə xanım deməyiblər ki, bizim oxuduqlarımızı oxuma. “Leyli və Məcnun” tamaşasında Leylini oxudum, Rübabə xanım qətiyyən bir söz demədi. Şövkət xanımın mahnılarını oxudum, bir dəfə də eşitmədim ki, desin ki, sən dünənin uşağısan, niyə mənim mahnılarımı oxuyursan? O dövrdə paxıllıq bəlkə də var idi. Amma heç kim qürurundan dolayı onu üzə çıxartmırdı. İndi bunu çox açıq şəkildə bildirirlər” deyə sənətkar bildirib.

Flora Kərimova duet təkliflərindən də danışıb.

“Duet oxumaq üçün gəlib, xahiş edirlər. Mən o adamları tanımıram. Hiss edirəm ki, onların yanında olmalıyam. Heç vaxt böyük sənətkarlardan özümə qarşı paxıllıq görməmişəm. Yaradıcılıq gecələrində mən də səhnəyə çıxırdım, digərləri də. Onlar səhnəyə çıxanda iki-üç alqış gəlirdi, mən səhnəyə çıxanda zal ayağa qalxırdı. Utanırdım, bilmirdim ki, necə oturum? Amma başım gicəllənməyib” deyə sənətkar bildirib.

Sənətkar heç vaxt öz həyatına aid mahnılar ifa etmədiyini bildirib.

“Heç vaxt öz həyatımı oxumamışam. Ağlıma gəlməyib. O faciədə özümü görməmişəm. Baxmayaraq ki, Oqtay Kazımi “Əgər istəsən” mahnısını yazmışdı. O zaman şəxsi həyatımda böyük bir faciə yaşadım, həyat yoldaşım dünyasını dəyişdi. Heç o mahnıda da mən özümü görmədim. Daha sonra Elza İbrahimova “Yoxluğunu bilə-bilə” adlı mahnı yazdı. O mahnıda da mən özümü görmədim. Mən kiminsə dərdindən oxuyurdum, heç öz dərdim yadıma düşmürdü. Kiminsə dərdinə ağlayırdım. Elə bil kiməsə kömək edirdim ki, o dərdi yaşaya bilsin” deyə sənətkar bildirib.

Sənətkar Şuşadan, oradakı məhəllələrindən də danışıb.

“Gözləmirdim ki, Şuşanı görmək mənə qismət olacaq. Bir neçə il əvvəl Şuşaya getdim. Şuşada olanda nəfəsim çatmırdı, boğulurdum. Məhəlləmizi düşmən biçib, nə günə salıbdır. Yaqut məndən soruşurdu ki, xala, bu həyəti niyə bu günə qoyublar? Deyirdim ki, Yaqut, bilirdilər ki, gedəcəklər, canları yanmırdı. Onlar müvəqqəti məskunlaşmışdılar. Ən böyük təsəllimiz Şuşanın mədəniyyət paytaxtına çevrilməsidir. Şuşanı indi görsək tanımarıq, o qədər abadlıq işləri aparılıb ki” deyə xalq artisti bildirib.