BƏNZƏRİN YOXDUR SƏNİN

BƏNZƏRİN YOXDUR SƏNİN

23 Dekabr 2023 17:42
Bəyəndim (0) Bəyənmədim (0)

(Televiziya Muğam Müsabiqəsinin qalibi, Opera və balet Teatrının solisti Rəvanə Əmiraslanlı haqqında)

Sən sənət dünyamıza Leyli, Əsli, Şahsənəm kimi gəldin. Xalq artistləri Zeynəb Xanlarova, Rübabə Muradova, Gülxar Həsənova kimi sənətkarların Opera səhnəsində yaratdıqları baş rollara gənc xanım xanəndə olaraq təzədən yeni nəfəs verdin. Onları təqlid etmədin, təkrarlamadın. Öz Leylini, Əslini, Şahsənəmini yaradaraq sevgilərlə, şirin, yanğılı avazınla opera sevənlərə təqdim etdin. Hər bir obrazın, rolun daxili dünyasını, yaşanan xoş və acı anlarını, hicranı, vüsalı özünəməxsus ifaçılıq tərzin, səhnə hərəkətlərin, oyununla dürüst canlandırdın.

Oynadığın rollara gəncləşən muğamımızın gücünü qatdın və gəncliyin parlaq, savadlı, ümidverici olduğunu sübut etdin. Tamaşaçı və ziyalılar tərəfindən sevildin. Ən gənc Leyli, Əsli, Şahsənəm kimi sevilən Leylilərdən, Əslilərdən, Şahsənəmlərdən oldun. Özü də bir neçə il ərzində. Səhnəyə gözəlliyin ilə gözəllik gətirdin. Əsl azərbaycanlı xanım kimi gəldin və milli-əxlaqi dəyərləri qorudun.

...Səni bizlərə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Televiziya Muğam Müsabiqəsi tanıtdı. Ustad xanəndə, Opera və Balet Teatrının solisti Milli Konservatoriyanın dosenti, “Tərəqqi” medallı, Prezident mükafatçısı Təyyar Bayramovun tələbəsi kimi müsabiqəyə qatıldın. Ustadından aldığın dərs, tövsiyəsi, məsləhətləri, muğamlarımızı mükəmməl öyrənməyin, qəzəlləri düzgün tələffüz etməyin, mahiyyətini, məzmununu açmağın, ustadının gərgin əməyi, məşqləri öz bəhrəsini, nəticəsini verdi. Sən ustadının digər tələbələri ilə bərabər qalib oldun. Müsabiqə boyu ifaçılığın ustad münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi. Müsabiqə bitən kimi Opera və Balet teatrına dəvət aldın və ustadınla bərabər bir kollektivdə çalışmaq, onunla eyni səhnəni, tamaşaları paylaşmaq nəsibin oldu. Və Təyyar Bayramov bizlərə növbəti tələbəsini, zəhmətinin bəhrəsi olan istedadlı xanəndəni, gur səsli ifaçını xalqımıza, muğam dünyamıza ərməğan elədi.

Əxlaq, tərbiyə, mədəniyyət, səhnə, geyim mədəniyyəti, güclü ifaçılıq, səlis ifalar, səhnə görünüşü, xarici görkəm, təbii gözəllik, saf, təmiz sənətinlə vəhdət təşkil etdiyindən tamaşaçıya özünü tez sevdirə bildin. Tamaşaçı sərrafdır, gözü tərəzidir, tərbiyəli, əxlaqlı, savadlı gənclərə xüsusi önəm verir. Bunlar üçün var ol, əziz bacımız!

Özünə və sənətinə dəyər verdin. Özündən razı olanlardan olmadın. Tanındıqca, sevildikcə dəyişmədin, sadəliyində də qaldın. Ustadını özünə ideal seçərək ona bənzəməyə çalışdın. Onun təcrübəsindən, sənət məktəbindən, dünyagörüşündən, tövsiyələrindən bəhrələndin və fərqlənənlərdən, seçilənlərdən oldun, 7 rəngli muğamımızın Rəvanə rənginə çevrildin. Sən muğamı, muğam səni tamamladı. Bu gün muğamımız istedadlı gənclərdə, etibarlı əllərdədir. Onlar gəncləşən muğamımızı yaşadırlar, yeni qəzəllərlə bizlərə çatdırırlar. Sən təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da sevilirsən, alqışlanırsan. Ustadın da həyatın çətin sınaqlarından keçib, sənət yolu heç də hamar olmayıb. Ancaq Allahın sevimli bəndəsi olduğundan, Allahına sığındığından və təbii ki, kamil sənətinin, sənətkarlığının sayəsində zirvələr fəth etdi, gənc ikən Xan əmi zirvəsinə ucaldı. Oğlu Kənanı “Bayatı-Şiraz”ı ilə dünya tanıdı. Şuşada ilk ucalan, dünyaya səs salan sənət səsi də Kənanın səsi oldu. Allah sənin də sənət yolunda əziyyətlərini, çətinliklərini görüb öz mükafatını yollayacaq. Sən həyatda və səhnədə hər şeyin yaxşısına layiqsən!

İkinci Qarabağ müharibəsi zamanı yaralı qazilərimizi verilişlərimizə dəvət edəndə, ən çox istədikləri, onunla bərabər bir verilişdə canlı-canlı üzbəüz əyləşib dinləmək istədikləri xanım xanəndə sən idin. “Vətən yaxşıdır” təsnifinlə bir xanım xanəndə kimi onları döyüşə, qələbəyə səsləyən sən, sənin səsin, ifan idi. Bu birmənalıdır, reallıqdır. Bunu onların özləri də etiraf edirdi. Ustadın Təyyar Bayramovun “Mənsuriyyə”si 6 dəfə ağır əməliyyat keçirən qazimiz Elvini ayağa qaldırdı, əsasını atdı. Təyyar müəllimin “Mənsuriyyə”si, ifası, səsinin sehri bir qazini həyata qaytardı. Deməli, nəsil ənənələri davam edir-“Qəşəngdir”, “Qarabağ şikəstəsi”, “Mənim Azərbaycanım”, “Söylə”, “Ana laylası”, “Neylərsən”, “Hara ceyranıdır” kimi mahnıların şəhid analarına, qazilərimizə yaşam eşqi verir. Oxuduğun muğamlar təsəlli yerimizdir.

Allah səni qorusun!

Alim Nəbioğlu,

İsa Rəvan

Oxuməni.az