Əməkdar artistin I Avropa Oyunlarına həsr etdiyi konsert baş tutdu - FOTO
Mayın 31-də əməkdar artist Tünzalə Ağayeva "Xoş gəldin" konsertini tamaşaçılara təqdim edib. Konsert Heydər Əliyev Mərkəzində baş tutub. "Bakı-2015" birinci Avropa Oyunlarının ulduz səfiri Tünzalə Ağayevanı "Hicaz" qrupu müşayiət edib.
Musavat.com bildirir ki, əməkdar artist ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini alqışlayaraq yarışın iştirakçılarını və izləyicilərini öz mahnıları ilə salamlayıb.
T.Ağayeva ilk ifasını "Hədiyyə" adlı mahnısı ilə başlayıb. İfaçı bunun təsadüf olmadığını deyib:"Sənətçinin həyatında tamaşaçı onun ən böyük hədiyyəsidir. Siz mənə qol-qanad verirsiniz. Mən özümü başqa həyatda təsəvvür etmirəm. Bu sevgini sizə borcluyam. Ən böyük hədiyyəm sizsiniz, əziz tamaşaçılar".
Daha sonra Tünzalə Ağayeva populyar mahnılarının yeni variantlarını, həmçinin dünyada məşhur olan bir neçə kompozisiyaları, birinci Avropa Oyunlarına həsr edilən "Bakının üzü gülür" mahnısını səsləndirib .
İfaçı mahnılaını zalda əyləşən tamaşaçılarla birlikdə səsləndirib. Tamaşaçılar əməkdar artistin kompozisiyalarını ayaq üstə böyük alqışlarla qarşılayıb.
Tünzalə Ağayeva konsert zamanı paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən faciəli hadisəni də xatırladıb. Qeyd edək ki, bu hadisə ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınmışdı. Təxirə salınan konsertlər arasında "Xoş gəldin"konserti də olub. Bu məqamı xatırlayan müğənni həlak olanların ailələrinə başsağlığı verib və onlara səbir diləyib. Daha sonra T.Ağayeva faciədə həlak olan azyaşlı uşaqların xatirəsinə ithaf olaraq dahi Hüseyn Cavidin sözlərinə bəstələnmiş "Gülbahar" mahnısını ifa edib.
Konsertdə həmçinin məşhur türk gitara ifaçısı Özgür Abbakın da ifası səslənib. Sonra isə hər iki ifaçı birlikdə maraqlı kompozisiya təqdim ediblər.
Sonda əməkdar artist "Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunan "Bakının üzü gülür" mahnısını səsləndirib. Konsert sonadək alqışlarla qarşılanıb.
Konsertdən sonra əməkdar artist jurnalistlərlə görüşərək öz təəssüratlarını bölüşüb: "Bu konsert birinci Avropa Oyunlarına həsr olunub. Çox xoşbəxtəm ki, bu şans mənə nəsib oldu və bundan iki gün istifadə edəcəyəm. Bakıda ilk Avropa Oyunlarının keçirilməsi tarixi hadisədir. Səhnədən insanlara demək istəyirəm ki, gəlin bu tarixi hadisəni lazımi şəkildə dəyərləndirək. Azərbaycan yeni möhtəşəm bir idman layihəsinə imza atır. Bu, qürur doğuran hadisədir. İdmançılarımıza uğurlar arzulayıram. Mahnıda deyildiyi kimi, "Bakının üzü gülsün".
Qeyd edək ki, T.Ağayevanın "Xoş gəldin" adlı konsert proqramı bu gün də Heydər Əliyev Mərkəzində tamaşaçılara təqdim ediləcək.
Mediainfo.az





































.jpg)





































.jpg)


















