Superliqa klubu Emil Balayevi istəyir
Azərbaycan millisinin qapıçısı Emil Balayev yenidən legioner həyatı yaşaya bilər. Apasport.az-ın fanatik.com.tr saytına istinadən məlumatına görə, "Səbail"in qolkiperi Türkiyə klubunun maraq dairəsinə düşüb.
Belə ki, "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçdən əlini üzən "Ərzurumspor" indi də Balayevə "elçi düşüb". Uzun fasilədən sonra Superliqada iştirak hüququ qazanan ərzurumlular bütün mövqeləri gücləndirmək niyyətindədi. Rəhbərliyin çərçivə üçün düşündüyü sima isə millimizin üzvüdü.
Türklərin "azəri Buffon" ləqəbi ilə təqdim etdikləri Emilin transfer qiyməti də "Ərzurumspor"u qane edir. Belə ki, 24 yaşlı qolkiperin 500-600 min avro müqabilində transferinin mümkünlüyü vurğulanıb. Həmkarlarımız Balayevin "Səbail"dən ayrılmaq qərarına gəldiyini, bu üzdən keçidin daha ucuz qiymətə baş tutma ehtimalının olduğunu yazıblar. Xəbərdə onunla İtaliya klublarının maraqlandığı da yer alıb.
Qeyd edək ki, Emil Balayev 2015-16 mövsümünü "Ayntraxt"da keçirərək, ilk dəfə legioner həyatı yaşayıb. Onun "Səbail"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.
































































.jpg)

























