Səhiyyə Nazirliyi: Lökbatanda baş verən dəhşətli qəzada 6 nəfər ölüb, 47 nəfər yaralanıb

Səhiyyə Nazirliyi: Lökbatanda baş verən dəhşətli qəzada 6 nəfər ölüb, 47 nəfər yaralanıb

31 Avqust 2012 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Qaradağ rayonunda baş verən qəza nəticəsində ümumilikdə 53 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Apa-ya açıqlamasında deyib ki, qəza nəticəsində 6 nəfər ölüb, 47 nəfər yaralanıb.

Hadisə barədə saat 7.28 radələrində "103" xidmətinə müraciət daxil olub. Dərhal hadisə yerinə 17 təcili tibbi yardım briqadası göndərilib. "103" xidməti hadisə nəticəsində xəsarət alan çoxsaylı yaralılara yerindəcə ilkin tibbi yardım göstərib, daha sonra isə onları xəstəxanalara çatdırıb.

Yaralılardan 35 nəfəri Kliniki Tibbi Mərkəzə (8-in vəziyyətinin ağır olduğu bildirilir, hazirda ikisinin üzərində əməliyyat aparılır), 11 nəfər Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (10 nəfəri ambulator yardımdan sonra evə buraxılıb), 1 nəfər isə Mərkəzi Neftçilər xəstəxanasına çatdırılıb.

Yaralılardan 28 nəfəri hazırda stasionar müalicəyə cəlb olunub (26 nəfəri Kliniki Tibbi Mərkəzdə, 1 nəfəri Travmatologiya İnstitutunda, 1 nəfər isə Mərkəzi Neftçilər Xəstəxanasında). Hadisə yerindəcə dünyasını dəyişmiş 3 cəsəd təcili tibbi yardım tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinə aparılıb.

Daha 3 nəfər ağır yaralı sonradan (1 yolda, 2-si xəstəxanada) dünyasını dəyişib.

Yaralılardan 9-un vəziyyəti hazırda ağırdır.

Qeyd edək ki, bu gün səhər saat 07:27 radələrində Qaradağ rayonu ərazisində dəhşətli qəza baş verib.

Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrliyində yerləşən, qorunan dəmir yolu keçidində sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 124 №-li sərnişin avtobusu ilə toqquşub.

O.M.