Azərbaycan 11 sentyabr qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə öz töhfəsini verdi

Azərbaycan 11 sentyabr qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə öz töhfəsini verdi

13 Sentyabr 2013 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş dəhşətli terror aktları çoxlarının yadında təyyarələrin Nyu-Yorkdakı əkiz qüllələrə çırpılması ilə qalıb. Lakin bu dəhşətli faciədə diqqəti çəkən daha bir məqam terrorçular tərəfindən ələ keçirilərək Ağ Evin binasına istiqamət götürmüş 93 saylı aviareysi həyata keçirən təyyarə ilə bağlı hadisədir. Göyərtəsində 7 ekipaj üzvü və 33 sərnişinin olduğu və terrorçular tərəfindən ələ keçirilərək Ağ Evə çırpılmaq üçün istiqamət götürmüş təyyarədə əsl qəhrəmanlıq salnaməsi yazılır. Terrorçularla mübarizəyə qalxan sərnişinlər onlara məqsədlərinə çatmağa mane olurlar və təyyarə Pensilvaniya ştatı ərazisində qəzaya uğrayır, 40 nəfər öz həyatından keçərək, daha çox insan qurbanlarının qarşısını alır.

Oxumeni.az xəbər verir ki, bu günlərdə isə ABŞ-da 93 saylı aviareysin qəhrəmanlarının xatirəsinə həsr olnumuş Memorial kompleksin təməlqoyma mərasimi keçirilib. Həmin bu Memorial kompleksin inşasına kömək məqsədilə toplanılmış ianələr arasında Azərbaycan-Amerika Alyansının vasitəsilə Azərbaycan xalqının töhfəsi xüsusi yer alır. Bu kompleksin tikilməsi üçün inaələrin toplanılmasında Azərbaycan-Amerika Alyansı, keçmiş prezidentlər Corc Buş və Bill Klinton, hazırkı prezident Barak Obama və ABŞ Konqresi Palatasının hazırkı spikeri Con Bonerin səylərinin böyük əhəmiyyəti olub.

Məhz onların sayəsində bu kompleksin inşası üçün tələb olunan vəsait toplanılıb. Bu günlərdə keçirilmiş təməlqoyma mərasimində daha mühüm bir məqam isə xatirə kompleksinə aparan yolda əkilən ağaclardır.

Belə ki, Azərbaycan-Amerika Alyansının təsisçisi və prezidenti Anar Məmmədovun təşəbbüsü ilə Memorial kompleksin Qonaqlar mərkəzinə aparan yolun hər iki tərəfində qırmızı ağcaqayın ağacları əkilib. Həmin ağacların üzərinə vurulmuş xatirə lövhələrində isə onların Azərbaycan xalqı adından hədiyyə olduğu qeyd edilib.

Tədbirdə iştirak edən Amerika Milli Park Fondunun vitse-prezidenti Kinq Lafin bu barədə bildirib :

"Yeni qonaq mərkəzinə gələn hər bir kəs bu ağacların yanında ötüb keçəcəkdir. Bu ağaclar sizin şərəfinizə, Azərbaycan Amerika Alyansı və Azərbaycan xalqının töhfələrinin şərəfinə əkilib".

Tədbirdə çıxış edən Azərbaycan-Amerika Alyansının prezidenti Anar Məmmədov ölkəmizin terrorla mübarizədə ABŞ-ı dəstəklədiyini bildirib:

"İnanıram ki, Azərbaycanın 93 saylı aviareysin həlak olmuş sərnişinləri və ekipaj üzvlərinin xatirəsinə ucaldılan Memorial kompleksinə töhfəsi Azərbaycan və Amerika xalqı arasında qarşılıqlı anlaşmanı və hörməti daha da gücləndirəcək".

Beləliklə, ümumilikdə 150 min ağac əkilmiş Memorial kompleks ərazisinin 1 hektarı Azərbaycana ayrılıb.

Qeyd edək ki, inşası 2015-ci ildə tamamlanacaq Memorial kompleksi üçün irimiqyaslı vəsait toplama aksiyasına keçmiş prezidentlər, 110000-dən çox vətəndaş, müxtəlif fond və korporasiyalar qatılıb, əlbəttə ki, Azərbaycan xalqı böyük töhfə verib.

Və bu bir daha göstərir ki, bu faciə təkcə Pensilvaniyanın, təkcə ABŞ-ın deyil, bütün dünyanın, xüsusilə də illərdir ki, erməni terrorundan əziyyət çəkən Azərbaycan xalqının faciəsidir.

O.M.