Norveçdə terror törətmiş şəxsin kimliyi bəllidir
Norveçdə ötən gün törədilmiş 2 terror aktının qurbanlarının sayı, ən son məlumatlara görə, 91 nəfərə çatıb. 7 nəfər hökumət binasının yanında törədilmiş partlayış nəticəsində, 84 nəfər isə Utoya adasında gənclər düşərgəsində insanların atəşə tutulması nəticəsində ölüb. Partlayışda 19 nəfər də yaralanıb. Norveçin baş naziri Yens Stoltenberq baş verənləri "gecə kabusu və millətin faciəsi" adlandırıb. Dünya ölkələrinin liderləri Norveçə başsağlığı məktubları göndərir.
Kütləvi qətldə şübhəli bilinərək həbs olunan 32 yaşlı Norveç sakini Anders Berinq Breyvik isə dindirilir. Terrorçu hesab edilən şəxsin şəkli qəzetlərin ön səhifəsindədir. Onun adını və üzünü indi ölkənin hər bir sakini tanıyır. Lakin polis hələ məhz şəkili yayılan adamın terror aktlarını törətdiyini təsdiqləmir. Həm polis, həm də kütləvi-informasiya vasitələri qeyd edir ki, terror aktları yaxşı planlaşdırılmış olub, 1-dən artıq adamın işinə bənzəyir.
Anders Berinq Breyvikin sahibkar olduğu, onun adına bir neçə şirkətin mövcud olduğu bildirilir. Bu şirkətlərdən biri kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olduğundan, məhz bu yolla onun partlayıcı qurğu üçün kimyəvi maddələr əldə etdiyi ehtimal olunur. Norveçə mətbuatı yazır ki, Anders Berinq Breyvik, peşəsinə baxmayaraq, ekstremist düşüncələrə sahib idi və bəzi internet-forumlarda ekstremist şərhlər yazırdı.
Günel Həbib