![Əbülfəs Qarayev Nyu-Yorkda rəsmi səfərdədir - FOTO](http://oxumeni.az/media/news/2017/04/photo_62527.jpg)
Əbülfəs Qarayev Nyu-Yorkda rəsmi səfərdədir - FOTO
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-ın Nyu-York şəhərində BMT-nin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirmişdir
Mediainfo. az xəbər verir ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev 2017-ci ilin 4-6 may tarixində Bakı şəhərində keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil ediləcək Beynəlxalq Təşkilatların Yüksək səviyyəli Görüşü ilə bağlı müzakirələr aparmaq üçün Nyu-Yorkda səfərdədir. Səfər çərçivəsində ilk olaraq BMT Baş katibinin kabinet rəhbəri Maria Luiza Ribeiro Viotti ilə görüş keçirilmişdir. Xanım Viotti BMT Baş katibinin səfərdə olduğunu qeyd edərək, nazirlə görüşməkdən məmnun olduğunu bildirdi. Görüşdə Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verərək, BMT-ni dünyanın ən yüksək və nüfuzlu təşkilatı olaraq bu prosesdə fəal olmağa dəvət etdi. Görüşdə BMT Baş Katibinin və yaxud onun yüksək səviyyəli nümayəndəsinin iştirak imkanları barədə fikir mübadiləsi aparıldı.
Daha sonra nazir Əbülfəs Qarayev BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Jefri Feltman ilə görüşdü. Feltman keçən il Bakıya səfəri zamanı nazirlə görüşünü xatırlayaraq, Bakının gözəlliyinin onda xoş təəssüratlar yaratdığını vurğuladı. Nazir Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin fəaliyyəti üçün əhəmiyyəti barədə cənab Feltmana da məlumat verərək tədbirin mövzusunun "Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" olduğunu bildirdi. Bu mövzunun BMT-nin Davamlı inkişaf Gündəliyi 2030 ilə tam uzlaşdığını qeyd edən nazir BMT rəhbərliyinin tədbirdə yüksək səviyyədə təmsil olunmağının vacibliyini bildirdi. Feltman da tədbirin əhəmiyyətini, ümumiyyətlə Bakı prosesinin vacibliyini anladığını və bu barədə Baş katiblə müzakirə aparacağını ifadə etdi. Görüşlərdə Azərbaycan Respublikasının BMT yanında Daimi nümayəndəsi səfir Yaşar Əliyev və digər şəxslər iştirak edirdi.
Daha sonra nümayəndə heyəti BMT-nin ali orqanlarından biri, BMT-nin İqtisadi və Sosial Şurası-ECOSOC-un prezidenti Frederik Makamure Şava ilə, həmçinin BMT Sivilizasiyalar Alyansının rəsmiləri ilə görüşlər keçirildi. Görüşlərdə Azərbaycanın dünya mədəniyyətinə töhfəsi, dialoq və əməkdaşlıq layihələri, Bakı prosesi və Foruma hazırlıq məsələləri müzakirə olundu.
Mediainfo. az