
Ər evindən birbaşa qəbir evinə
Bakıda evi yandıraraq özünü 9-cu mərtəbədən atan gənc qadının dramını oxumusuz yəqin. Atası danışıb olanları. Əslində olayın intihar olduğu hələ dəqiqləşməyib, cinayət ehtimalları var. Amma kim nə deyir desin, bu, bir qadının yox, ümumən azərbaycanlı qadınların faciəsidir. Ər evində zülm görən, xoşbəxt olmayan, cəhənnəmi bu dünyada yaşayanların hekayəsi... Belələri ətrafımızda o qədərdir ki. Onlar bədbəxtdilərsə, bədbəxt olaraq yaşamağa davam etməyə də məhkumdular. Qurtuluş yolu, B variantı yoxdur. Ya ər evi, ya qəbir evi... Şəkildə göründüyü kimi, intihar edən gəlinlə bağlı sonuncu trayektoriya hakim olub - ər evindən birbaşa qəbir evinə.
Çox uzatmadan, qadının atasının dediklərindən sitatlar vermək istəyirəm. Psixologiyaya, yanaşma tərzinə bir daha baxıb dərs alaq deyə: "Yoldaşım da heç vaxt qızımı haqlı çıxarmırdı, deyirdi başına vursalar da, döz, öldürsələr də otur orda", "Yoldaşım deyirdi ki, uşağın olandan sonra sənə daha heç nə etməyəcəklər, döyməyəcəklər", "Kürəkənimin birinci arvadından niyə övladı olmayıb? Onu da 6-7 ay saxlayıblar, ona da elə işgəncə veriblər, qaçıb ordan", "Qızım Könül paltar qaynadanda qazan xarab olmuşdu. Qayınanası onu evdən qovub göndərmişdi ki, get atan qazanı alsın, gətir", "Oğlan qızımı tez-tez bizə göndərirdi ki, denən atan pul versin. Biz də verirdik...Sonra imkanımız pis oldu, verəmmədik, ondan sonra başladı uşağı döyməyə"...
Adama elə gəlir ki, kimsə bu adamı hipnozlayıb. Bütün dedikləri (eləcə də yazmadığım digər işgəncələr) baş verib, amma o, qızını həmin ailədən çıxarmayıb. Çıxarmayıb, çıxara bilməyib, ya çıxarmaq istəməyib? Məncə, sonuncu variant. Çünki azərbaycanlı ailələrində hələ də bu ab-hava hökmrandır: Ərindir, nə desə, sus. Hər şeyə görə dava salma, yola get, yola ver... Bizim nəsildə boşanan olmayıb, papağımızı yerə soxma... Bu və buna bənzər ağsaqqal-ağbirçək məsləhətləri. Bir çox azərbaycanlı valideynlər üçün qızının boşanması dünyanın sonudur, rəzilliyin dibidir, papağın yerə soxulması, dost-düşmən arasında xəcil olmaqdır. Sanki övladlarına insan kimi yox, qurbanlıq qoyun kimi yanaşırlar. Boğazına qırmızı lenti bağlayıb, göndərirlər ər evinə. "Əti sənin, sümüyü mənim" deyib keçirlər min bir əziyyətlə böyütdükləri balalarının başından.
Analar məsləhət verir: "Bala, qan qussan da, qızıl şərbəti içdim de. Səsini çıxarma, kişilər söz-söhbəti xoşlamırlar", "Başını aşağı sal, uşaqlarına bax da... Nolsun kişi gecələr evə gəlmir? Əsas odu, yeməyində-içməyində korluq yoxdu, balaların gül kimi geyinir, yeyir..". Məsləhət fayda verməyəndə öz "şanlı həyat yollarından" sitatlar gətirirlər: "Elə bilirsən, dədən mənə az zülm verib? Döyməyi də olub, xəyanət eləməyi də, içib evə çörək almadan gəlməyi də... Gör hələ bir dəfə başıma nə gətirdi...?"
Hətta belə danışan analara elə gəlir ki, bunlar qəhrəmandılar, 41-45 müharibəsindən döşü medalla geri qayıdıblar, bütün yaşadıqları da mütləqdir, hamı bu mərhələni keçməlidir. Anlamırlar ki, hamının dözüm, səbir limiti eyni deyil. Kimsə döyüləndən sonra ağzının-burnunun qanını silib oturursa, bir başqası bunu qüruruna sinirə bilməyib canına qıyır. Beləcə, ər evindən meyidi çıxır. O məşhur el məsəlində deyilən kimi: ata evindən ər evinə, ordan da qəbir evinə... Nə gözəl tale, nə müdrik məsləhət, nə işıqlı həyat yolu...
Etiraf edək ki, zülm görən qadınlarımızın əksəriyyətində boşanma cəsarəti azdır. Təsəvvür edin, özünü qıymağa cəsarət edir, amma məhkəməyə ərizə verməyə yox. Bu da başqa bir tendensiya... Fakt isə odur ki, Azərbaycanda boşanmış qadın imicindən qorxanların sayı təxmin etdiyinizdən də çoxdur. Oxumuş, çalışan, hətta ərindən belə çox pul qazanan qadınlar tanıyıram ki, boşanmağa sırf bu imicə görə cəsarət etmir. Xoşbəxt deyil, həyatını mükəlləfiyyətlər üzərində qurub, ya da uşaqlarına parçalanmış ailə travması yaşatmaq istəmir. Nəticədə isə üzdə ailə, daxildə isə Allah bilir nəyə bənzərən bir "institut"un ot kimi yaşaması davam edir. Qadın bilir ki, boşanandan sonra başda qonşular-qohumlar, iş yoldaşları olmaqla bütün çevrə onun nəzarətçisinə çevriləcək. Yoxlayacaqlar, şübhələnəcəklər, məzəmmət edəcək, axırda da şər atacaqlar. Dünənə qədər ona "bacım" deyənlərin boşanandan sonra mənalı-mənalı atmacalarından isə danışmağa belə dəyməz. Bir sözlə, bir kabusdan digərinə keçid, yağışdan çıxıb yağmura düşmə... Adını nə qoyursuzsa qoyun, adı birdir - əzab...
Bu və bunun kimi hekayələrdən isə ancaq bir nəticə çıxır - ağıl heç də hər zaman yaşda olmur. Ümumiyyətlə, başda olur. Valideynlər də yanıla bilir. Amma bu yanlışın təlafisi olmur. (musavat)
Mediainfo.az