Ukraynada qətldə təqsirli bilinən azərbaycanlı tələbənin həbs müddəti iki ay uzadılıb

Ukraynada qətldə təqsirli bilinən azərbaycanlı tələbənin həbs müddəti iki ay uzadılıb

31 Yanvar 2014 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada yerli vətəndaşın qətlində təqsirli bilinən Odessa Milli Rabitə Akademiyasının azərbaycanlı tələbəsi Məhəmməd Arzu oğlu Abdullayevin həbs müddətini məhkəmə əlavə olaraq iki ay uzadıb.

Odessa Milli Rabitə Akademiyasının beynəlxalq tələbə mübadilə şöbəsinin əməkdaşı, azərbaycanlı tələbələr təşkilatının rəhbəri Həsən Əliyev Apa -ya açıqlamasında bildirib ki, istintaqın gedişi ilə bağlı yeni faktların ortaya çıxması üzündən məhkəmə həbs müddətini uzadıb.

O qeyd edib ki, ortaya çıxan faktların detalları ilə bağlı onlara bilgi verilməyib: "Sadəcə, bizə rəsmi bilgi verirlər ki, istintaqın araşdırmalı olduğu yeni faktlar ortaya çıxdığı üçün istintaq işi davam etdirilir".

Məhəmməd Abdullayevin oxuduğu Akademiyadan xaric edildiyi də bildirilir.

Qeyd edək ki, ötən il noyabrın 18-də axşam saatlarında Odessada azərbaycanlı tələbələrin daha çox qaldığı yataqxananın qarşısında baş verən kütləvi dava nəticəsində ölüm hadisəsi qeydə alınıb. Məhəmməd Abdullayev iki-üç azərbaycanlı tələbə ilə hansısa əyləncə mərkəzindən qayıdan zaman yataqxananın qarşısında taksidən düşdükdən sonra üç nəfər yerli millətdən olan orta yaşlı şəxs sərxoş halda onların qarşısını kəsib, nəticədə dava düşüb. Bu zaman M.Abdullayev haradansa əldə etdiyi bıçaqla onlardan birini bıçaqlayıb. Bıçaq ürəyə işlədiyi üçün həmin şəxslərdən biri yerindəcə ölüb.