AMEA-da Alimlər Evi açılıb
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA Rəyasət Heyətinin nəzdində təsis edilmiş Alimlər Evinin açılışı olub. Açılışda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, akademiyanın həm çox yaşlı, həm də gənc nəsli daima iki məsələ qaldırıb. Onlardan birinin Alimlər Evinin, digərinin isə AMEA-nın poliklinikasının yaradılması olduğunu deyən akademik qeyd edib ki, bu məsələlər hər zaman diqqət mərkəzində olub: "Azərbaycan Milli Elmlər Akademiyasının Alimlər Evi üçün bu yaxınlarda yeni xüsusi binanın ayrılacağı da gözlənilir. Alimlər Evinin yaradılmasının əsas məqsədi alimlər arasında yaxşı, isti yoldaşlıq münasibət yaratmaq, alimlərin bir-biri ilə müzakirələr aparması, elmi işlər barədə söhbət etməsinə şərait yaratmaqdır. Bu ev alimlərin yığıncaq evinə çevriləcək və burada tam azad şəraitdə elmi, mədəni mühit yaranacaq".
Qeyd olunub ki, Alimlər Evi akademiyanın elmi innovasiya nailiyyətlərinin və müasir dövrdə multikulturalizm ənənələrinin cəmiyyətdə təbliği, elmi əməkdaşların yaradıcılıq fəallığının artırılması və mədəni-mənəvi inkişafının qorunması istiqamətində fəaliyyətin həyata keçirilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 10 fevral 2016-cı il tarixli qərarı ilə yaradılıb.
Mediainfo.az