Tənqidçi ədəbiyyatşünas Qurban Bayramov obrazı şair Şahməmmədin publisistik düşüncəsində
Şair-publisist Şahməmməd Azərbaycan ədəbi-mənəvi mühitində ən nadir qələm sahiblərindən biridir ki, onun soyada, təxəllüsə... əlavə təqdimatlara ehtiyacı yoxdur. Əlbəttə, yalnız məlumat xatirinə Şahməmmədin Gülməmməd oğlu Şahməmmədov olduğunu yazmaq bugünkü informasiya istəyən oxucu qınağından bizi xilas edə bilər. Şahməmməd hamar yolu olmayan, şairliyini - içindəki poetik obrazı üzə çıxarana qədər zirehli mundiri yandırıb keçməli olub. Zaman-zaman öz həqiqətini - lirik hisslərini içində daşıyıb. Amma daxilindən gələn bu hisslərin səsini boğmayıb. Əslinə qalsa, boğa bilməyib. Bu səsləri misralara, poetik sözə çevirib, imkanının lövbər ata bildiyi sahillərdə göstərməyə çalışıb. Bir sözlə, Şahməmməd özü demişkən, Füzuli nəfəsinin, ruhunun dolaşdığı (Füzulinin doğulduğu yer Azərbaycandır. Bu, mübahisəsizdir. Amma Boyat adlı Azərbaycan elatı - məkanı çoxdur) Boyatdan keçən yol ilə şairliyə gəlib. Bəzən elə vaxt olur ki, hətta müəllifin dediyinin iddiasının həqiqət olduğuna şübhə yeri az qalsa belə, mübahisə eləmək istəyirsən. Ancaq Şahməmmədin nə poeziyasında, nə də publisistikasında bu gün mübahisəyə yer yoxdur.
Şahməmməd öz düşüncəsi, orijinal təfəkkürü ilə bu gün Azərbaycan oxucusuna tam mənəvi haqla yeni bir əsər təqdim etdiyini iddia edə bilər: "Qurban Bayramov - şəxsiyyətin bütövlüyü, böyüklüyün şəxsiyyəti..." (Bakı, MBM-2011. 428 səhifə) əsəri filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun redaktorluğu ilə işıq üzü görüb. Elə buradaca qeyd edim ki, kitaba yazdığım rəy əsasında bu qeydləri təzədən işləməli oldum.
Əsərin janrını müəllif "essevari tədqiqi publisistika" kimi müəyyənləşdirib. Oxuculara təqdim olunan kitab müəyyən olunan janrla bağlı hər hansı mübahisəyə son vermək gücündədir. Müəllif cəmiyyətə və əlbəttə ki, oxucuya təqdim elədiyi obrazı hərəkətdə götürür. Və elə hərəkətdə də yaradıcılıq müstəvisindən keçirərək cəmiyyətə qaytarır. Onu sevən, onun yaradıcılığını yüksək qiymətləndirən, sənətinin işığına gələn insanların düşüncəsi ilə göstərməyə çalışır.
Müəllif şair olduğu üçün tənqidçi ədəbiyyatşünas Qurban Bayramov haqqında müasirlərinin fikir və düşüncələrini istər ayrı-ayrı tədbirlərdə, istərsə də mətbuat qeydlərində göründüyü kimi göstərmir. Sənədliliyə, publisistikanın tələblərinə riayət edərək çıxışların, düşüncələrin elə məqamlarını seçir ki, həmin məqamlarda Qurban Bayramovun mənəvi mühiti, ən başlıcası, poetik mənəvi mühiti olduğu kimi görünür.
"Qurban Bayramov 65" - əslində belə bir ədəbi rubrika ədəbiyyatımızın, sözümüzün bayramı, mənəvi mühitimizin dil birliyi deməkdir. Şahməmməd, bəlkə də, hökumət səviyyəsində təqdir olunacaq belə bir dil birliyini böyük zəhmət bahasına araya-ərsəyə gətirdiyi əsərdə ifadə edə bilib. "Qurban Bayramov - şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti..." əsəri dörd hissədən ibarətdir. Birinci hissədə müəllif "Fədakar alim ömrü"ndən bəhs edir. Bu gün Azərbaycan cəmiyyətində ədəbi-mənəvi zövqümüzün, poetik harmoniyamızın az-çox mükəmməlliyinə görə kimsə etiraz edə bilmir ki, Səməd Vurğuna borcluyuq. Onu yetirən ailə, elat, bölgə, bütövlükdə Vətən, ölkə, millət bütün mənəvi istiqamətlərdə tədqiq olunmalıdır. Və Qurban Bayramovun ən böyük xidməti ondan ibarətdir ki, o, S.Vurğun mənəvi irsinin keşikçisidir, vurğunşünas alimdir. Ən başlıcası, bu gün müasir, ədəbi, tənqidi mühitdə barmaqla sayılan müəlliflərdəndir. Əsərin ikinci hissəsi "Vurğunşünas alim - S.Vurğunun ev muzeyi"ndə adlanır. "Düşüncələr..." bölümündə müəllif Qurban Bayramovun müasir ədəbi prosesdə və daha dəqiq desək, ədəbi düşüncədə mövqeyinə, nüfuzuna işıq salır.
Sonuncu hissə "Poeziyanın sirri"ni açıqlayır. Şahməmməd şair olduğu qədər publisist, publisist olduğu qədər şairdir. Ancaq Şahməmmədin ünvanında ən böyük həqiqət, zənnimcə, budur. Gərək Şahməmməd qədər şair və publisist olasan ki, dostluqda, insanilikdə cəmiyyətə, sözə sevgidən onun qədər yol keçə biləsən.
Şair Şahməmmədin bir maraqlı cəhətini də qeyd etmək istəyirəm. O, Qurban Bayramovun bir ədəbiyyatşünas-tənqidçi kimi, bir alim kimi, ədəbiyyatın enişli-yoxuşlu yollarını bilən böyük bir şəxsiyyət kimi daxili aləmini, cəsarətini açmaq üçün ədəbiyyatda ənənəvi olmayan bir üsuldan istifadə etmişdir. Tənqidçinin "Ədəbiyyat generalları və pərqu yastıq sindromu...", "Müasir poeziyanın imkanları və imkansızlığı..." əsərlərini, "Aşıq gördüyünü çağırar" referatını oxucuların yadına salır və onların gözündə yeni bir səhnə yaradır. O, həmçinin Qurban Bayramovu qiymətləndirən ədəbiyyat xadimlərinin fikirlərinə də geniş yer verir. Müəllif Qurban Bayramovun "Aşıq gördüyünü çağırar" referatına dair 1970-ci ildə filologiya elmlər doktoru Məsud Əlioğlunun yazdığı elmi rəydən də bəhrələnib. "Qurban Bayramov - şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti..." kitabı üzərində Şahməmməd dəqiqliklə, incəliklə, şair ustalığı ilə işləyib. İnanıram ki, bütün bunlar yaradıcı insanların gözlərindən yayınmayacaq.
Şair-publisist, "Kredo" qəzetinin
Baş redaktoru Əlirza Xələfli
O.M.