Rusiya ordusu Suriyada amerikalılara qarşı təxribatlarını davam etdirir
Rusiya qırıcı pilotunun Suriya səmasında etdiyi hərəkətlər ABŞ-ın kəşfiyyat təyyarəsinin dörd ekipaj üzvünün həyatını təhlükəyə atıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Associated Press adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin dediyinə görə, iyulun 16-da Rusiyanın Su-35 qırıcı təyyarəsi Amerika MS-12 kəşfiyyat təyyarəsinə “çox yaxın uçub”. Rus qırıcısının nə qədər yaxından uçduğunu rəsmilər dəqiqləşdirməyiblər.
Həmin gün Suriyadakı Tərəflərin Barışıq Mərkəzinin rəhbərinin müavini Oleq Qurinov ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın MS-12W də daxil olmaqla təyyarələrinin Suriyanın hava məkanını üç dəfə pozduğunu bildirib.
Mənbələr bildirir ki, rus pilot amerikalı ekipajın təyyarəni təhlükəsiz idarə etməsinə mane olub. Onlar hadisəni “qəzaya və ya insan itkisinə səbəb ola biləcək təhlükəli davranışın yeni səviyyəsi” adlandırıblar.
Associated Press qeyd edir ki, Rusiya qırıcıları son həftələrdə ABŞ-ın MQ-9 Reapers-ə bir dəfədən çox təcavüz edib, lakin son insident Amerikalıların həyatını riskə atdığı üçün həyəcan təbili çalıb.
Agentlik mart ayından etibarən Rusiyanın hərbi fəaliyyətini artırmasını ABŞ-ı Suriyanı tərk etməyə məcbur etmək məqsədilə Moskva, Tehran və Əsəd hökuməti arasında artan əməkdaşlıqla əlaqələndirir.
Əziz Salamoğlu