Abid Şərifov “Sovetski”nin köçürülməsi ilə bağlı hökumətin son qərarını açıqlayıb

Abid Şərifov “Sovetski”nin köçürülməsi ilə bağlı hökumətin son qərarını açıqlayıb

3 Mart 2014 19:20
Bəyəndim (0) Bəyənmədim (0)

Baş nazirin müavini Abid Şərifov bu gün Yasamal Rayon İcra Hakimiyyətində Bakının "Sovetski" məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüşün nəticəsini açıqlayıb.

Apa-nın məlumatına görə, A. Şərifov deyib ki, görüşdə evlərdə inventarlaşdırma işlərinin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub: "Kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər".

Baş nazirin müavini əlavə olaraq hər ailə başına iki aylıq 1000 manat kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat veriləcəyini deyib: "1 kv.m üçün 1500 manat təklifi qüvvədə qalır. Kimi bu qiymət qane etmirsə, onlarla işimiz yoxdur, evlərində yaşasınlar. Bizim son qərarımız budur".

A. Şərifov inventarizasiyanın aparılmasının səbəblərini də açıqlayıb: "Biz bilmirik ki, orada nə qədər ailə yaşayır, ümumi sahə nə qədərdir? Nəzərə alınsa ki, mövcud qanunlarımıza görə əhali yalnız razılıqla köçürülə bilər, kim razıdırsa, vəsaitini alsın, istəməyən halallıqla yaşasın. Heç kim zorla köçürülməyəcək, köçürülməyəcəklərsə, yol da tikiləsi olmayacaq. İnventarlaşma 1-2 ay çəkəcək, inventarlaşma başa çatandan, Baş Plan hazırlanandan sonra baxacağıq ki, neçə ev sökülməli, neçə ev qalmalıdır?"