TANAP Qərb dövlətlərinin diqqət mərkəzindədir

TANAP Qərb dövlətlərinin diqqət mərkəzindədir

7 May 2018 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

"TANAP böyük layihədir. Amerika və Avropa dövlətlərinin diqqət mərkəzindədir. Bu layihənin gerçəkləşməsinə maraq həddən artıq artıb. Halbuki vaxt var idi, onun gerçəkləşməsinə maneə törədirdilər. Cənab prezident öz siyasi iradəsini ortaya qoyaraq, bu layihənin gerçəkləşməsi qərarını verdi. Layihənin açılışının iyul ayında keçirilməsi nəzərdə tutulsa da, tarix dəyişdirildi və irəli çəkildi".

Mediainfo.az saytının verdiyi xəbərə görə, bu sözləri Azadinform-a millət vəkili Vahid Əhmədov TANAP-ın açılışının irəli çəkilməsi ilə bağlı fikirlərini bölüşərkən deyib. Bildirib ki, layihənin gerçəkləşməsində ciddi problemlər olmadığına, həmçinin maraqlı dövlətlər çox olduğuna görə onun birinci hissəsinin qısa müddətdə istifadəyə verilməsi qərara alınıb və iyunun 19-da açılış mərasimi baş tutacaq: "Layihə tam istifadəyə verildikdən sonra ildə 31 milyard qaz ötürmə qabiliyyətinə malik olacaq. Amma birinci mərhələdə 16 milyard qaz ötürüləcək".

TANAP-ın Azərbaycan-Türkiyə münasibətlərində əhəmiyyətli yer tutmasından da danışan millət vəkili Türkiyənin hər zaman Azərbaycanı dəstəkləyən dövlət olduğunu qeyd edib: "Bu iki dövlət arasında heç bir problem yoxdur və hər zaman bir-birlərini müdafiə ediblər. Dövlət başçıları arasında da münasibətlər yüksək səviyyədədir. Bu layihə də iki dövlətin münasibətlərinə yalnız müsbət təsir göstərə bilər. Layihə Türkiyənin özünə də divident gətirəcək, qaz təminatında problem olanda aradan qaldıracaq".