Səlim Müslümov BMT-nin xüsusi məruzəçisi ilə görüşüb

Səlim Müslümov BMT-nin xüsusi məruzəçisi ilə görüşüb

21 May 2014 17:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, S.Müslümov Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20%-nin işğal edildiyini, 20 mindən artıq azərbaycanlının həlak olduğunu, 4 866 nəfərin itkin düşdüyünü, 100 min nəfərin yaralandığını, 50 min nəfərin müxtəlif dərəcəli xəsarət alaraq əlilliyə məruz qaldığını, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayıb.

Nazir bildirib ki, respublikanın müxtəlif bölgələrdə mövcud olmuş çadır düşərgələri ləğv edilib, qaçqın və məcburi köçkünlər üçün müasir tipli yaşayış məntəqələri yaradılıb. Dövlət başçısının "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq bu təbəqədən olanların məşğulluğu, peşə hazırlığı məqsədilə də işlər aparılır: "Son 10 il ərzində məşğulluq xidməti orqanları tərəfindən 86,8 min nəfər qaçqın və məcburi köçkün münasib işlərlə təmin olunub, 3 406 nəfər peşə hazırlığı kurslarına, 2 454 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub, 4 691 nəfər işsizlik müavinəti ilə təmin olunub".

S.Müslümov qeyd edib ki, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"na əsasən bu istiqamətdə tədbirlərin davam etdirildiyini bildirib: "Digər tərəfdən, cari ilin 1 may tarixinə 50 minə yaxın ailə üzvünü əhatə edən 12 229 qaçqın və məcburi köçkün ailəsinə ünvanlı yardım ödənilir. Bununla yanaşı, qaçqın və məcburu köçkünlərdən 35 702 nəfərinə sosial müavinət, 3 698 nəfərinə təqaüd, 1 476 nəfərinə birdəfəlik müavinət ödənilir. Aparılan kompleks işlərin nəticəsi kimi, Azərbaycanda məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 15%-dək azalıb".

Ç.Beyani qaçqın və məcburi köçkünlərin insan hüquqlarının təmin olunması sahəsində dövlət tərəfindən dəstəklənməsinin, onların maddi təminatının gücləndirilməsinin yaxşı nümunə olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.