
Azərbaycan və Ermənistan əməkdaşlıq edə bilər
MDB dövlətləri kosmik monitorinq sahəsində birgə fəaliyyət haqqında müzakirələr aparacaq
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri kosmosdakı fövqəladə halları araşdıracaq.
ANS-in məlumatına görə, fövqəladə halların kosmik monitorinqi sisteminin yaradılması dünən Belarusun paytaxtı Minskdə keçirilən görüşdə müzakirə edilib.
MDB dövlətlərinin kosmik fəaliyyət sahəsində əməkdaşlıqla bağlı 6-cı toplantısında Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan və Ermənistan təmsilçiləri iştirak edib.
İclasda bir sıra məsələlər müzakirə edilib: fövqəladə halların dövlətlərarası kosmik monitorinqi sisteminin yaradılması, kosmik sahədə çoxşaxəli əməkdaşlıq haqqında razılığın əldə edilməsi, "Birləşmiş kosmik araşdırmalar institutu" adlı beynəlxalq elmi-araşdırma təşkilatının yaradılması və s.
Rusiyanın Federal Kosmik Agentliyi "Roskosmos"un sədr müavini Sergey Savelyev bildirib ki, bu cür görüşlər MDB dövlətlərinin kosmik sahədə əməkdaşlığının genişlənməsinə və fəaliyyətin effektivliyinin artırılmasına imkan yaradır.
"Ona görə də belə görüşlər çox əhəmiyyətlidir", - deyə "Roskosmos"un sədr müavini Sergey Savelyev görüşdə bildirib.
Mediainfo.az