
Gürcüstanda Stinqin mövcud olmayan konsertinə bilet satan fırıldaqçı həbs edilib
Britaniyalı müğənni Stinqin Tbilisidə keçirəcəyi qondarma konsertin biletlərini saxta servis vasitəsilə satan fırıldaqçı Gürcüstanda saxlanılıb. Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2024-cü ilin avqustunda Stinq konsertinə bilet satışı xidməti kimi maskalanan “bsafest.online” fişinq saytı yaradıb. “Novosti-Qruziya” agentliyi yazır ki, elan Facebook sosial şəbəkəsində yerləşdirilib.
İstifadəçilər biletləri aldıqda, sayt onları onlayn ödəniş platformasına yönləndirdi və pul müttəhimin kripto pul kisəsinə və bank hesablarına yatırılırdı.
Prokurorluq fırıldaqçının qurbanlarının sayını açıqlamasa da, onların xeyli maddi itkiyə məruz qaldığını bildirib.
Təqsirləndirilən şəxsə qarşı maddi mənfəət əldə etmək məqsədi ilə kompüter şəbəkəsində külli miqdarda ziyan vurmaqla məlumatların icazəsiz dəyişdirilməsi və ya gizlədilməsi ilə bağlı ittiham irəli sürülüb. Bu maddədə nəzərdə tutulan cəzalara 5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə daxildir.
Prokurorluq təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verəcək. Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalar davam edir.
Almaz Həsənli