COVID-19 xəstələrinin favipiravirlə müalicəsi yanlışdır

COVID-19 xəstələrinin favipiravirlə müalicəsi yanlışdır

30 Dekabr 2020 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

“Aparılan yüzlərlə elmi tədqiqatlara əsasən, o nəticəyə gəlmək olur ki, koronavirus xəstələrinin müalicəsində istifadə olunan favipiravir heç də Azərbaycanda bir çox həkimlərin xəstələrə söylədiyi kimi effektli deyil. O, virusu deyildiyi kimi məhv eləmir və yaratdığı yan təsirlərinə görə istifadəsinə ciddi nəzarət edilməlidir”.

Oxuməni.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, ən son tədqiqatlardan biri bu barədə indiyə qədər aparılan 1 798 elmi işin incələnməsi əsasında aparılıb:

"Son günlər Azərbaycanda da favipiravirlə müalicə üsulu geniş vüsət alıb. Ev şəraitində müalicə olunan koronavirus xəstələrinin müalicələrində bu preparatdan geniş istifadə halları müşahidə olunur. Amma aparılan tutarlı elmi tədqiqatlara diqqət yetirsək bunun heç də doğru olmadığını görərik. Belə ki, ötən aylarda aparılan və toplam 1 798 elmi işin incələnməsinə əsaslanan araşdırmada xəstəliyin son günlərində favipiravirlə müalicə olunan xəstələrdə kliniki pisləşmə daha az rast gəlinir, amma bu da statistik baxımdan digər qrupla müqayisədə əhəmiyyətli dərəcədə fərqlənmir. Bundan əlavə, insanlar bilməlidir ki, xəstəliyin sonlarına doğru insanlarda yaxşılaşmanın sırf bu dərmanın tətbiqinin nəticəsindən irəli gəldiyi sübut edilməyib".

Azərbaycanlı alim bildirib ki, məhz buna görə də faviripiravirlə müalicə bir çox ciddi müalicə protokollarına daxil edilməyib. Onun sözlərinə görə, bunun Azərbaycanda bir sıra həkimlərin dediyi kimi yüksək effektivli müalicəsi iddiası yanlışdır.

N.Abdullayev əlavə edib ki, dəlil məhdudiyyətləri və həll olunmamış təhlükəsizlik məsələləri nəzərə alınaraq, favipiravirin COVID-19-a qarşı geniş yayılmasına ciddi diqqət yetirilməlidir. Tibb elmləri doktoru sözügedən dərmanın həmçinin hamilə qadınların sağlamlığına təsirlərindən də bəhs edib:

"Favipiravir qısa müddətli istifadədə təhlükəsiz və dözümlü görünə bilər, lakin müalicənin daha uzunmüddətli təsirlərini qiymətləndirmək üçün daha çox zaman və dəlil lazımdır. Favipiravir hamilə qadınlarda teratogendir və insanlarda hiperurikemiyaya səbəb ola bilir. Buna görə dərmanın tətbiqinə ciddi nəzarət edilməlidir".

Həmid