“Bakı 1501” Özbəkistanda təqdim edildi

“Bakı 1501” Özbəkistanda təqdim edildi

24 Oktyabr 2022 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın xalq yazıçısı Əzizə Cəfərzadənin Daşkənddə özbək dilində çap olunmuş məşhur “Bakı 1501” tarixi romanının təqdimatı olub.

Oxuməni.az xəbər verir ki, Özbəkistanda Azərbaycan ədəbiyyatı və mədəniyyəti günləri çərçivəsində keçirilən tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə Bakıdan gələn nümayəndə heyəti, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak edib.

Komitə sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva bildirib ki, alim kimi Əzizə Cəfərzadə bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib, ümumən bir fədakar folklorşünas kimi böyük xidmətlər göstərib.

“Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları”, “Şirvanın üç şairi”, “Mücrüm Kərim Vardani. Sünbülstan”, “Abdulla Padarlı. Seçilmiş əsərləri”, “Hər budaqdan bir yarpaq” kitabları onun zəngin mədəni irsimizə yanar ürəli münasibətilə araya-ərsəyə gəlib.

Q.Paşayeva vurğulayıb ki, gorkəmli ədib, anadan olduğu (indiki Hacıqabul rayonunun) Hacılı kəndində 1979-cu ildə - öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirib. O, Azərbaycanın müstəqilliyi uğrunda və Ermənistanın işğalçı siyasətinə qarşı hərəkatda daim öndə olan, öz fəal vətəndaş mövqeyi ilə seçilən bir vətəndaş yazıçı olub.

Q.Paşayeva təqdim olunan əsərin önəmi haqqında danışıb, bu məşhur romanının Azərbaycanda olduğu kimi qardaş Özbəkistanda da seviləcəyinə əmin olduğunu bildirib.

Universitetin prorektoru, professor Sultan Normatov, universitetin dosenti, Füzuli Mərkəzinin rəhbəri Gülbahar Aşurova, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Bakı 1501” romanını özbək dilinə çevirən tanınmış jurnalist və tərcüməçi Rüstəm Cabbarov və b. Özbəkistan-Azərbaycan arasında mədəni-ədəbi əlaqələr haqqında danışıb.

Sonra qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.

Tədbirin yekununda Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova Azərbaycan mahnı və təsniflərini, əməkdar artist, Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalında “Qran-pri” mükafatını almış Sahib Paşazadə tarda yaddaqalan musiqi nömrələri ifa edib.