“Adil İsgəndərov dedi ki, “Günün ekranı” ilə sən tarixdə qalmayacaqsan”

“Adil İsgəndərov dedi ki, “Günün ekranı” ilə sən tarixdə qalmayacaqsan”

23 İyul 2023 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

“Arzum budur ki, bütün teleaparıcılar mənim yaşıma gəlib çatsınlar. Yaşım 80-ni keçib. Arzu edirəm ki, hamı işləyə-işləyə bu yaşa gəlib çatsın. İşləmək həqiqətən də insanın cövhəridir. İşləyəndə insan özünü xoşbəxt hiss edir. Mən indi də doğma televiziyama həftədə bir dəfə gedib-gəlirəm. Televiziyanın qapısından içəri girəndə o qədər xoşbəxt oluram ki. Mənə elə gəlir ki, pensiyada deyiləm, işçiyəm. Radioda uşaqlar üçün qısaca nağıllar oxuyuram. Sağ olsun televiziyanın sədri Rövşən Məmmədov gələndə mənim kimi köhnə diktorları yığıb, hamı ilə maraqlandı. Hamını işə dəvət etdi. Kimlərsə gəlib işlədi, kimlərsə pensiyaya çıxdı. Mən gəldim, televiziyasız yaşaya bilmərəm”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib.

“İşimi o qədər çox sevirəm ki. Bir dəfə aktyor Sadıq Hüseynovla “Biləyən” verilişini yazırdıq. Yazıb bitirmişdik. Məzuniyyət vaxtı idi, övladlarımla Yesentukiyə getdim. Zəng etdilər ki, ay Ofeliya, veriliş pozulub, necə edək? Dedim ki, necə edəcəyik? Minəcəm təyyarəyə gələcəm, yazacam. Həqiqətən Yesentukidən bilet tapdım. Uşaqlarım balaca idi, onları ruslara tapşırıb, işə qayıtdım. Səhər saat 10-da işdə olmalı idim, vallah 9-da artıq studiyada idim. İşə də belə sevgi olardı?! Mənə elə gəlirdi ki, dünyanın ən xoşbəxti biz idik. Vaxtımız da olmayıb. Həyat yoldaşım Valid Sənani xəbərlərdə baş redaktor idi, iş çox idi. Bizim bir mövzumuz var idi, ancaq iş, televiziya, radio” deyə diktor bildirib.

Ofeliya Sənani filmlərdə uzun müddətli çəkilməməyinin səbəblərindən də danışıb.

“Özüm istəmədim. O vaxt kinostudiyanın direktoru Adil İsgəndərov idi. Rəhmətlik məni yanına çağırıb dedi ki, qızım, sən mənim tələbəm olmamısan, teatr institunda oxumamısan, bəs hardandır səndə bu aktyorluq, bu ürək?! Dedim ki, nə bilim. O vaxt artıq “Dağlarda döyüş” filminə çəkilmişdim. Dublyaj edirdim. Adil müəllim dedi ki, sən gəl bizdə işlə. Dedim ki, ay Adil müəllim, “Günün ekranı” verilişi mənsiz keçinmir. Dedi ki, veriliş bitir, sağollaşıb gedirsən, amma filmdə sən sağollaşıb getməyəcəksən. Film tarixdə qalacaq. O vaxt qaynatam, böyük aktyor Möhsün Sənani də tərəf müqabillərimi qısqanclıqla qarşılayırdı. Elə bir səhnədir ki, Şahmar Ələkbərov əlimdən tutub, söz deməlidir. Deyirdi ki, burax Ofeliyanın əlini, eşitmirsən? Səninlə deyiləm?! Allah ona rəhmət etsin, çox gözəl insan, dəyərli aktyor, yaxşı qaynata idi. Mənə qızım deyə müraciət edirdi” deyə sənətkar bildirib.