“Firuzə İbadova başımın bəlası idi, maşınlarla arxamızca düşürdülər, gecə saat 2-də o qədər elçilər gəlirdi”

“Firuzə İbadova başımın bəlası idi, maşınlarla arxamızca düşürdülər, gecə saat 2-də o qədər elçilər gəlirdi”

6 Avqust 2023 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

“Qadınların əksəriyyəti mənə paxıllıq edir. 8 mart günündə dünyaya gəlmişəm. 8 mart qadınlar bayramıdır, bu da mənə aiddir. “Lalə qızlar” ansamblının yaranma tarixi də 8 martda olub. “Lalə qızlar” ansamblı ilə Azərbaycan səhnəsinə solmayan lalələr bəxş etdim. Amma buna baxmayaraq həyatda qızım olmadı. Arzulamışdım ki, ilk nəvəm qız olsun, adını Lalə qoyum. Şükür Allaha ki, bu gün artıq nəticə sahibiyəm”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Ceyran Haşımova deyib. Sənətkar ansamblındakı xanım sənətkarlardan da danışıb.

“Firuzə İbadova başımın bəlası idi. Ansamblımızın qızları hamısı gözəl idi. O vaxtkı müğənnilər indiki müğənnilər kimi kosmetikadan çox istifadə etmirdilər. Ansamblımın bütün müğənniləri, başda Nisə Qasımova olmaqla oxuyurdular, alqışlanırdılar, güllər, buketlər gəlirdi. Elə ki, Firuzə İbadova səhnəyə çıxırdı, konsert bitəndən sonra arxamızca elçi maşınları gəlirdi. Həyat yoldaşım da o vaxt musiqiçi idi. Mənimlə birlikdə gəlirdi o da. Qorxurdum ki, bu qədər qızları təkbaşına rayonlara aparım. Gecə saat 2-dir, konsertdən çıxıb yataqxanaya gedirik, Firuzə xanıma o qədər elçi düşürdülər ki. Yoldaşım deyirdi ki, gələrsiniz Bakıya, evlərini göstərərik, elçi gedib anası ilə danışarsınız. Sonra Firuzəyə dedim ki, sən səhnəyə çıxıb oxuyanda yalnız mənə bax, zala baxma. Bu qızın başı bəlalı idi” deyə xalq artisti bildirib.

Sənətkar bildirib ki, ansamblı qorumaq üçün bir çox əziyyətlərə qatlaşıb.

“Bu elə bir sənətdir ki, istər-istəməz ailə ikinci plana keçir. Çünki yaradıcı insan üçün birinci onun yaradıcılığı gəlir. Təbii ki, ailə də öz yerində. Bütün varlığını verirsən sənətə. Oğlum Rəşad Haşımovu 40 günlüyündən düz 7 yaşına kimi hara getmişəmsə aparmışam. Sağ olsun qızların hamısı mənə kömək edib. İndi qastrol səfərlərinə getməyə nə var ki?. İndi hər şey var, otellər, evlər. Bizim vaxtımızda yollar da pis gündə idi, şərait də yox idi. Otellərdə yox, yataqxanalarda qalırdıq. Ümumiyyətlə çətinlik hər yerdə var. Kollektiv, ansambl rəhbəri olmaq daha çətindir. O vaxt kimlər ki, az maaşa dözdü, səbr etdi, hər biri tanınmış müğənni, sənətkar oldular. Qızlarımın hamısı bir xasiyyətdə idi. İnciyənləri də, küsənləri də var idi. Rəhmətlik Mahrux Muradova ansambla gəldi, sonra da Nisə Qasımova gəldi. Avtobusda gedirik, Nisə xanım arıqdır, mənim yanımda əyləşib. Nisəni öz tərəfimə çəkib qucaqladım. Mahrux xanım ətli-qanlı idi. Qastroldan gələndən sonra gördüm ki, Maxrux Muradova ansamblı tərk etmək üçün ərizə yazıb. Ərizəni oxudum, yazmışdı ki, bu necə olur ki, mən neçə vaxtdır burada işləyirəm, Ceyran müəllimə məni bir dəfə qucaqlamayıb, amma Nisə dünən gəlib, onu qucaqlayır (gülür). Bu da bir sevgi idi. Müğənnilərə mahnını oxuyub öyrətmişəm. Gözəl səsim var idi” deyə sənətkar bildirib.