Müasir universitet təhsili işəgötürənlər, istehsal, biznes və dövlət orqanları ilə əməkdaşlığı tələb edir

Müasir universitet təhsili işəgötürənlər, istehsal, biznes və dövlət orqanları ilə əməkdaşlığı tələb edir

29 Noyabr 2019 14:23
Bəyəndim (1) Bəyənmədim (0)

Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş məqsədlərə nail olmaq baxımından kitabxanalar xüsusi əhəmiyyətə malikdir. Müasir universitet kitabxanasının inkişafı informasiya məkanında, təhsil sistemində və elmi kommunikasiyada baş verən dəyişikliklərin sürətinin artması ilə səciyyələnir. Ənənəvi təhsil formalarını şübhə altına alan yeni informasiya texnologiyaları, təhsil xidmətləri bazarında rəqabətin güclənməsi, elm və təhsilin qloballaşması, meqaelm layihələrinin yaranması müasir universitetlərin üzləşdiyi ciddi çağırışların yalnız bir hissəsidir.

Oxumeni.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov müasir təhsil sistemində kitabxanaların roluna münasibət bildirərkən deyib.

Rektor qeyd edib ki, təhsil mühitinin qlobal transformasiyası bir tərəfdən universitet kitabxanaları üçün ciddi problemlər yaradır, digər tərəfdən yeni-yeni inkişaf perspektivləri açır. Oxucunun harada olmasından asılı olmayaraq bilik artıq əlçatandır. Bilik əldə etmək üçün artıq universitetlər yeganə yer deyil. Təhsil sisteminin transformasiyası baş verir. Klassik universitet strukturu dəyişir. Ənənəvi fakültələr sahələrarası struktur vahidləri ilə əvəz olunur. Təhsil xidmətləri bazarında maliyyə, insan və digər resurslar uğrunda rəqabət güclənir. Elm “şəbəkə elm” kimi formalaşır. Bu isə alimlərin virtual əməkdaşlığını və tədqiqat fəaliyyətinin idarə olunmasının qlobal sisteminin formalaşdırılmasını tələb edir. Yeni təhsil və elm formatının yaranması məzunların konkret fənlər üzrə bilikləri və texniki kompetensiyalarla yanaşı, “yumşaq vərdişlər”də tələb edir. Müasir universitet təhsili həm də işəgötürənlər, istehsal, biznes və dövlət orqanları ilə əməkdaşlığı tələb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az