Haaqada Həmrəylik Gününə həsr edilmiş bayram tədbiri keçirilib

Haaqada Həmrəylik Gününə həsr edilmiş bayram tədbiri keçirilib

31 Dekabr 2019 09:17
Bəyəndim (1) Bəyənmədim (0)

Niderland Krallığının Haaqa şəhərində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Oxumeni.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası tərəfindən təşkil olunub.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının təmsilçiləri də daxil olmaqla, ümumilikdə 300-ə yaxın soydaşımız iştirak edib.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva çıxış edərək yeni yaradılan Koordinasiya Şurası haqqında geniş məlumat verib, Şuranın ötən il ərzində həyata keçirdiyi layihələrdən danışıb.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aytən Tarıverdiyeva Komitə sədri Fuad Muradovun təbriklərini soydaşlarımıza çatdırıb. Bakıdan gələn təbrik məktubları oxunub, deputat Məlahət Həsənovanın Hollandiya və Belçikada yaşayan soydaşlarımıza bayramlar münasibətilə xoş arzuları çatdırılıb. Həmçinin Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin müvəqqəti işlər vəkili Selcan Verdiyevanın təbrik məktubu oxunub.

Çıxışlardan Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının 1 illik fəaliyyətini əks etdirən film nümayiş olunub.

Bayram tədbiri konsert proqramı ilə davam edib. Konsertdə Almaniyada Vahid Tarzənin rəhbərliyi ilə fəaliyyət göstərən “Qarabağ” ansamblının müşayiəti ilə Azərbaycan Dövlət Televiziya və Radiosu, eləcə də Nümunəvi Hərbi Orkestrin solisti Kənan Qədimov, muğam festivalının laureatı Vüsalə Musayeva, Azərbaycan Dövlət Televiziya və Radiosunun keçmiş solisti, hazırda Niderlandda fəaliyyət göstərən “Odlar Yurdu” Niderland-Azərbaycan Cəmiyyətinin rəhbəri və Koordinasiya Şurasının fəal üzvü Firəngiz Bağırova, bu ölkədə yaşayıb yaradan müğənnilərimiz Sadıx Ağamalıyev, Bəxtiyar Eybalıyev, Nicat Cabbarovun ifasında mahnılarımız səsləndirilib, Bakı 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” rəqs qrupu milli rəqslərimizi ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az