Nazir Türkiyə agentliklərinə müsahibə verdi

Nazir Türkiyə agentliklərinə müsahibə verdi

11 Fevral 2020 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan və Türkiyə arasında əlaqələr o qədər dərindir ki, bəzən mədəniyyətlərimizi bir-birimizə tanıtmağı belə unuduruq. İstərdik ki, Azərbaycanın mədəniyyət və incəsənəti Türkiyədə daha çox tanıdılsın, eyni zamanda Türkiyə mədəniyyəti ölkəmizdə təbliğ olunsun.

Oxuməni.az xəbər verir ki, bu fikirləri Mədəniyyət naziri Əbülfəs Qarayev Türkiyənin “Anadolu”, “İhlas” və “Demirören” xəbər agentliklərinin əməkdaşlarına müsahibəsində deyib.

Nazir Ermənistanın işğalı altında olan mədəni irsimizlə bağlı fikirlərini bölüşərək bildirib ki, Azərbaycan öz mədəni irsinin mənimsənilməsinə imkan verməyəcək:

“Bu işdə biz yalnız deyilik, türk dövlətləri də hər zaman yanımızda olurlar. İşğal altında olan Azərbaycan torpaqlarında bərpa adı ilə tarixi abidələrimiz saxtalaşdırılır və təhrif olunur. Türkiyə bu məsələdə hər zaman öz dəstəyini göstərir. Biz UNESCO-da da birlikdə çalışırıq. Birgə zəhmətimiz sayəsində UNESKO siyahısına daxil etdiyimiz irs nümunələrimiz var. Məsələn, Novruz bayramını ümumi miras olaraq təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil etdik. Çünki Novruz bizi birləşdirən dəyərdir. Həmçinin “Kitabi-Dədə Qorqud” dastanı Türkiyədə də, Türkmənistanda da, Qazaxıstanda da eyni adla tanınır. Türk xalqlarının bu söz abidəsi də bizi birləşdirir”.

Nazir qeyd edib ki, irs nümunələrimiz UNESKO-nun siyahısına daxil olduqdan sonra onlardan daha səmərəli istifadə etməli, onların təbliğatını daha da genişləndirməliyik: “Ötən il Bakı şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edildi. Bu bizim üçün qürurdur. Biz özümüzü türk mədəniyyətinin ayrılmaz bir hissəsi kimi görürük. Azərbaycan və Türkiyə arasında əlaqələr o qədər dərindir ki, bəzən mədəniyyətlərimizi bir-birimizə tanıtmağı belə unuduruq. İstərdik ki, Azərbaycanın incəsənət adamları Türkiyədə daha çox tanıdılsın, eyni zamanda Türkiyə mədəniyyəti ölkəmizdə təbliğ olunsun. Beynəlxalq aləmdə bir millətin iki səsi var. Hörmətli Prezidentimiz cənab İlham Əliyev Türkiyəni hər zaman Azərbaycana ən yaxın və qardaş ölkə kimi görür. Azərbaycan və Türkiyə bu gün bölgənin aparıcı nəqliyyat, neft-qaz layihələrini həyata keçirirlər. Neft kəməri, dəmir yolu xətti Türkiyə üzərindən keçir”.

TÜRKSOY çərçivəsində əməkdaşlıqdan söz açan Əbülfəs Qarayev deyib ki, bu təşkilat fəaliyyətində bütün türk mədəniyyətlərini birləşdirir: “Harada türk xalqı varsa, biz onların da mədəniyyətini qorumalıyıq. Balkanlardan tutmuş dünyanın bir sıra ölkələrində türk mədəniyyətini qorumalı və dünyaya bu mirasın nə qədər qədim və zəngin olduğunu sübut etməliyik”.

Oxuməni.az