
Ər-Riyadda ABŞ-Rusiya danışıqları başlayıb
Səudiyyə Ərəbistanında Amerika və Rusiya nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar başlayıb. Bir gün əvvəl orada ABŞ və Ukrayna arasında “texniki” danışıqlar aparılıb.
Oxuməni.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı və Rusiyanın “RİA Novosti” xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, görüş Ər-Riyaddakı dəbdəbəli “Ritz-Carlton” otelinin ərazisində qapalı formatda keçirilir.
Danışıqlarda ABŞ-ı ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma direktoru Maykl Anton və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsın köməkçiləri təmsil edir.
Rusiya dövlət mediası xəbər verir ki, Rusiya nümayəndə heyətini Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və FTX (FSB) direktorunun müşaviri Sergey Beseda təmsil edir.
Kreml danışıqları “çətin” adlandırıb. ABŞ nümayəndəsi Stiv Vitkoff Qara dənizdə atəşkəslə bağlı "real irəliləyiş" gözlədiyini bildirib.
Almaz Həsənli