İsrail və Türkiyə Bakıda danışıqlardan sonra razılığa gəliblər

İsrail və Türkiyə Bakıda danışıqlardan sonra razılığa gəliblər

10:20
Bəyəndim (2) Bəyənmədim (0)

Suriyada baş verə biləcək hərbi insidentləri operativ şəkildə həll etmək üçün İsrail və Türkiyə arasında birbaşa əlaqə kanalı yaradılıb. Bu məlumatı “Middle East Eye” informasiya portalı dərc edib.
Nəşrin məlumatına görə, bu ilin aprelində Azərbaycan ərazisində keçirilən görüş zamanı hər iki ölkənin nümayəndələri Suriyada mümkün silahlı toqquşmaların qarşısını almaq üçün nəzərdə tutulmuş xüsusi mexanizm hazırlamağa başlayıblar. Həmin ay Suriya ərazisində yaranan hər hansı münaqişə vəziyyətinə dərhal reaksiya vermək imkanını təmin edən 24 saatlıq qaynar xətt fəaliyyətə başlayıb.
İsraillə Türkiyə arasında danışıqlar davam edir, Azərbaycan vasitəçi qismində çıxış edir.
“Middle East Eye”-in məlumatına görə, aprel ayından bəri artıq dörd görüş keçirilib və danışıqların beşinci raundu may ayının sonuna planlaşdırılıb.
Məlumata görə, Türkiyə Suriyaya quru qoşunlarını, o cümlədən zirehli texnika və piyadaları yerləşdirməyi təklif edib ki, onların mövqeləri İsrail təyyarələrinin, xüsusən də hava hücumundan müdafiə sistemləri və radiolokasiya stansiyalarının hərəkətlərini qeyd edə bilən avadanlıqlarla təchiz olunmayacaq. İsrail ordusunun əməliyyatları üçün təhlükə yaratmadığı müddətcə İsrailin buna etirazı olmadığı bildirilir.
Danışıqlarda “palma xətti” adlanan əraziyə - Suriya Palmirasına bitişik zonaya xüsusi diqqət yetirilir. Bölgədə keçmişdə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən geniş şəkildə istifadə edilən və “Hizbullah”a silah tədarükü üçün logistika dəhlizinin bir hissəsi kimi xidmət edən T4 aviabazası yerləşir. İsrail bu bazanı düşmənləri üçün strateji hədəf hesab edərək dəfələrlə vurub.
"Danışıqlar müsbət irəliləyir", - mənbə qeyd edib.
Ayrı-ayrılıqda, İsrail və Suriya fikir ayrılıqlarını həll etmək üçün Bakıda öz danışıqlarını aparır. “Türkiyə və Azərbaycanın dəstəklədiyi danışıqlarda əsas diqqət İsrail və Suriya arasında etimadın möhkəmləndirilməsi tədbirləri üzərində qurulub”, - nəşr vurğulayır.

Almaz Həsənli