
Rusiya Dövlət Duması uşaqlara enerji içkilərinin satışına görə 500 min rubla qədər cərimələr haqqında qanun qəbul edib
Dövlət Duması yetkinlik yaşına çatmayanlara alkoqolsuz enerji içkilərinin satışına görə inzibati məsuliyyət müəyyən edən qanunu üçüncü oxunuşda qəbul edib. Bu barədə parlamentin aşağı palatasının Telegram kanalında məlumat verilib.
İndi uşaqlara enerji içkilərinin satışına görə cərimələr nəzərdə tutulur: vətəndaşlar üçün 30 mindən 50 minə qədər (təx.640-1067 manat-red.), vəzifəli şəxslər üçün 100 mindən 200 minədək (təx.2133-4266 manat-red.), hüquqi şəxslər üçün 300 mindən 500 minədək (təx.6400-10666 manat-red.).
Dövlət Dumasının kanalı xatırladıb ki, əvvəllər Rusiyada uşaqlara enerji içkilərinin satışına qadağa qoyulub, lakin “cərimələr müəyyən edilmədən” bu qadağa “işləməyəcək”.
"Enerji içkilərinin uşağın sağlamlığına vurduğu zərər göz qabağındadır: ürək-damar xəstəliklərinin, şəkərli diabetin və digər ağırlaşmaların erkən inkişaf riski. Belə içkiləri qəbul edən uşaqların insultdan əvvəlki vəziyyətdə xəstəxanaya düşməsi halları var. Bizim vəzifəmiz uşaqları qorumaq və onların sağlamlığına təhlükəli təsir göstərən məhsulların istehlakından qorumaqdır", - Dövlət Duması bəyan edib.
2025-ci il martın 1-dən yetkinlik yaşına çatmayanların alkoqolsuz enerji içkilərini, o cümlədən enerji içkilərini ala bilməyəcəyi qanun qüvvəyə minib. Satıcı alıcıdan pasportunu göstərməsini tələb etmək hüququna malikdir.
Almaz Həsənli