
İsrail və Suriya sentyabrın 25-də təhlükəsizlik sazişi imzalayacaqlar
Səudiyyə Ərəbistanının “İndependent Arabia” qəzeti yüksək səviyyəli suriyalı mənbələrə istinadən yazıb ki, İsrail və Suriyanın ABŞ-ın himayəsi altında sentyabrın 25-də təhlükəsizlik sazişi imzalayacağı gözlənilir. Razılaşmanın prezident Əhməd əl-Şaraanın BMT Baş Assambleyasındakı ilk çıxışından bir gün sonra imzalanacağı gözlənilir.
Mənbələrin sözlərinə görə, razılaşma İsrail və Suriya arasında gərginliyin azaldılmasına yönəlmiş təhlükəsizlik tədbiri olacaq. Lakin yaxın vaxtlarda iki ölkə arasında hərtərəfli sülh sazişi gözlənilmir.
Bundan əlavə, “Sky News Arabia” öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ əl-Şara ilə baş nazir Benyamin Netanyahu arasında ABŞ prezidenti Donald Trampın iştirakı gözlənilən görüşün təşkili üzərində işləyir.
“Sky News Arabia” da bu həftə Parisdə Strateji Planlaşdırma naziri Ron Dermer və Suriya Xarici İşlər Naziri Əsəd Əl-Şeybani arasında aparılan danışıqlarda irəliləyiş olduğunu bildirib. Bununla belə, əsas maneə İsrailin Suriyadakı bir neçə strateji obyektdə mövcudluğunu saxlamaq istəyi olaraq qalır.
Məlumata görə, görüşdə bir neçə əsas məsələ müzakirə olunub: sərhəddə gərginliyin azaldılması, Suriyanın daxili işlərinə qarışmamaq prinsipinə hörmət, regional sabitlik və 1974-cü il sazişinin bərpası.
Suriya hesabatında vurğulanır ki, bu təmaslar Suriyanın təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etməyə yönəlmiş daha geniş beynəlxalq diplomatik təşəbbüsün bir hissəsidir.
Almaz Həsənli