
Kosta Aİ-ni NATO-nun 5-ci maddəsinə bənzər Ukrayna üçün təminatları sürətləndirməyə çağırır
Avropa İttifaqı ölkələrinin NATO-nun 5-ci maddəsinə bənzər Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işi sürətləndirməsinin vaxtı çatıb.
Sky News xəbər verir ki, bunu Aİ liderlərinin onlayn görüşündən sonra Avropa Şurasının prezidenti Antonio Kosta bildirib.
“İndi ABŞ-ın sonradan iştirakı ilə NATO-nun 5-ci maddəsinə oxşar təminatların həyata keçirilməsi üzrə praktiki işimizi sürətləndirməyin vaxtıdır”, - Kosta bildirib.
Eyni zamanda, onun fikrincə, Ukrayna ordusu “birinci müdafiə xətti” olmalıdır.
Kosta bildirib ki, təhlükəsizliyin əsas təminatı - ABŞ prezidenti Donald Tramp və Kreml lideri Vladimir Putin arasında danışıqlardan sonra əsas müzakirə mövzusu - onun suverenliyini qoruya bilən Ukrayna Silahlı Qüvvələrinin mövcudluğu olmalıdır.
O, həmçinin Tramp, Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin iştirak etdiyi üçtərəfli danışıqların, eləcə də Ukraynanın Aİ-yə üzvlüyü məsələsinə toxunub.
Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi kollektiv müdafiəni müəyyən edən NATO-nun əsas prinsipidir.
O bəyan edir ki, Avropa və ya Şimali Amerikada Alyansın bir və ya bir neçə üzv ölkəsinə silahlı hücum bütün üzvlərə hücum hesab olunur. Belə olan halda, hər bir üzv ölkə silahlı güc tətbiqi də daxil olmaqla, lazım bildiyi tədbirləri görərək, hücuma məruz qalan ölkəyə yardım göstərməyə borcludur.
Əziz Mustafa