Alimlər Ay torpağını kənd təsərrüfatı üçün münbit hala gətiriblər

Alimlər Ay torpağını kənd təsərrüfatı üçün münbit hala gətiriblər

10 Noyabr 2023 08:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bəşəriyyət nə vaxtsa Ayda uzunmüddətli bazalar quracaqsa, müntəzəm qida mənbəyinə ehtiyac yaranacaq. Bununla belə, ayda istixanalarda hər hansı bir məhsul gözləmək hazırda real deyil.

“Reuters” xəbər verir ki, bununla yanaşı, elm adamları Ayda kənd təsərrüfatını təşkil etmək üçün addımlar atırlar. Tədqiqatçılar bildiriblər ki, onlar mühüm bitki qida elementi olan fosforun mövcudluğunu artıran bakteriyaları tətbiq etməklə, əlverişsiz Ay torpağını münbit hala gətirmək üçün yol tapıblar.

Alimlər Çindəki laboratoriyada tütün becərmək üçün uyğunlaşdırılmış Ay torpağından, daha doğrusu Ay reqolitindən istifadə edərək təcrübələr aparıblar. Müəyyən ediblər ki, üç növ bakteriya ilə zənginləşdirilən Ay torpağı mikrobsuz eyni torpaqla müqayisədə daha uzun gövdə və köklərə malik bitkilər, eləcə də daha ağır və daha geniş yarpaq qrupları əmələ gətirir.

Tədqiqatçıların sözlərinə görə, bakteriyaların hərəkəti torpağı daha turşulu edir. Nəticədə aşağı pH mühiti həll olunmayan fosfat tərkibli mineralların bu torpaqda mənimsənilməsinə səbəb olur və bu, bitkilər üçün fosforun mövcudluğunu artırır.

Oxuməni.az