AMEA-nın çap edəcəyi orfoqrafiya lüğətinin alternativi nəşr olundu

AMEA-nın çap edəcəyi orfoqrafiya lüğətinin alternativi nəşr olundu

17 İyun 2020 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilən “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görüb.

Tərcümə Mərkəzindən Oxuməni.az-a verilən məlumata görə, lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin əvvəlki orfoqrafiya lüğətlərindən başlıca fərqli cəhətləri – yazılış qaydası əvvəlki lüğətlərdə qüsurlu, yaxud iki, bəzən üç variantda verilmiş minlərlə söz və terminlərin vahid düzgün yazılış qaydasında verilməsi, minlərlə söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən (ümumilikdə 54 000-ə yaxın) təmizlənərək, əvvəlki orfoqrafiya lüğətlərində yer almamış 8 000-dən çox saf Azərbaycan sözlərini, eləcə də elm, texnologiya, idman, mədəniyyət, siyasət və digər sahələrdə işləklik qazanmış terminləri özündə cəmləməsidir.

Qeyd edək ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu da "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ni çap edəcək. Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilən bu lüğət isə AMEA-nın çap edəcəyi lüğətin alternativi sayılır. AMEA-nın "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin çapı isə bir neçə dəfə təxirə salınıb.

Oxuməni.az