Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb - FƏRMAN

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb - FƏRMAN

30 Mart 2023 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.

Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fərmana əsasən, su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Fərmanda müəyyən olunub ki, Agentlik Azərbaycanda suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Sənəddə Nazirlər Kabinetinə beş ay müddətində Agentliyin əsasnaməsinin və strukturunun layihələrini, habelə işçilərinin say həddi barədə təkliflərini beynəlxalq məsləhətçi şirkəti cəlb etməklə hazırlayıb, eləcə də Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırıb. Nazirlər Kabinetinə, həmçinin bir ay müddətində Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini, Fərmanda nəzərdə tutulan işlərin maliyyələşdirilməsinin təmin edilməsi, habelə Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək barədə tapşırıq verilib.

Agentliyin əsasnaməsi və strukturu təsdiq olunanadək “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri fəaliyyətlərini davam etdirəcək.