"Azərbaycan sivilizasiyalararası əlaqələrə önəm verir"

"Azərbaycan sivilizasiyalararası əlaqələrə önəm verir"

11 İyul 2019 15:21
Bəyəndim (0) Bəyənmədim (0)
"Azərbaycan sivilizasiyalararası əlaqələrə önəm verir". APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunda çıxışı zamanı bildirib.

Komitə sədri qeyd edib ki, İslamla bağlı tədqiqatların aparılması vacibdir, çünki bu dünyada islamafobiya və İslamdan sui-istifadə, İslam adı altında müxtəlif terror qruplarının yaradılması halları özünü göstərir: "Biz İslami dəyərləri təbliğ edərək onu yeni nəslə çatdırmaqla həmin qrupların, dairələrin İslam adı altında müsəlman ölkələrində törətdikləri fəsadların qarşısını ala bilərik. Qafqazda buna çox ehtiyac var, çünki Qafqazda bir sıra münaqişə ocaqları var. Bu münaqişə ocaqlarında kimlərsə din adından istifadə etməyə cəhd edir. Lakin bu gün baş verən münaqişələrdə din axtarmaq lazım deyil. Münaqişə ocaqlarının arxasında yalnız geopolitik,siyasi, iqtisadi maraqları olan qrupların əməlləri dayanır. Dinin bunlara hər hansı bir təsiri yoxdur. Qurani-Kərim, İncil və Tövrat insanları savaşa çağırmır. Onlar əksinə, insanları sülhə, əmin-amanlığa çağırır, ona görə də biz İslamın Qafqaz sivilizasiyasında yeri və rolundan danışdıqda Qafqazda yaşayan xalqların tarixini, onların mənsub olduğu dinləri dəqiq bilməliyik. Ümumi Qafqaz evi yaratmaqla - bu ideya yeni deyil, əvvəllər də mövcud olub - Qafqazda yaşayan xalqlar arasında sülhə, əmin-amanlığa nail ola bilərik. Bu da bütövlükdə Qafqazın inkişafına böyük təkan vermiş olar. Qafqaz evi tolerant yanaşma, multikultural dəyərləri qorumağa xidmət edər".