Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

6 May 2021 09:55
Bəyəndim (2) Bəyənmədim (0)

Cavid Bədəlov

MƏNİM GƏNCLİYİM

Mənim gəncliyimin başı əyilməz,

Vüqarlı dağlartək əzəmətlidir.

Mənim gəncliyimin beli bükülməz,

Hünərli yollartək şərafətlidir.

***

Mənim gəncliyimin sönməz çırağı,

Sevgi bağlarının yolundan keçər.

Mənim gəncliyimin şehli yarpağı,

Ümid yağışının suyundan içər.

***

Mənim gəncliyimin duyulan səsi,

Nəğməli bülbülün özüdür, özü.

Mənim gəncliyimin şirin nəfəsi,

Yazdığım şeirin sözüdür, sözü.

ŞƏHİD ANASI

Hər gecə oğlunun qəmli şəklinə,

Axıdır göz yaşın şəhid anası.

Oğlunu gətirir tez-tez dilinə,

Başından çıxmayır oğul havası.

***

Vardır bu şəklindən məzarında da,

Baxdıqca şəklinə yanır ürəyi.

Bir gün şəhidinin qayıdacağın,

Qayıtmaz xəyalla sanır ürəyi.

***

Oğlunun şəklini köksünə sıxıb,

Körpə uşaq kimi bərk-bərk ağlayır.

Sanki bu dünyanı üstünə yıxıb,

Ömrünün yazında sinə dağlayır.

***

Onunçün bu şəkil bir xatirədir,

Yadigar saxlayıb şəhid oğlundan.

Şəhidlik vətənə, yurda görədir,

Heç zaman çıxartmaz bunu ağlından.

GÜNƏŞ

Hər gün öz nurundan səpir dünyaya,

Aləmə bəxş edir təravət, günəş.

Ruh verir istisi bulağa, çaya,

Torpağa göstərir sədaqət, günəş.

***

Hamıdan tez durub, erkən oyanır,

Təbiət qoynunda sakit dayanır.

Canıyla işıqlı sübhə boyanır,

Bizlərə bildirir məhəbbət, günəş.

***

Buludlar dalından baxırsan yaza,

İncə şüalarla gəlirsən naza.

Səninlə canlanır təbiət, günəş,

Biz səndən alırıq hərarət, günəş.

Şəfa Əliyeva

PAYIZ NOTLARI

Bu duyğunun adı nədir, bilmirəm,

Bir az qəmgin, bir az asta gəzirəm.

Ruh yorulub artıq yükdən, bilirəm,

Ayağımla dünənimi əzirəm.

***

Bu duyğuda külək sərin söz qoyub,

Üşütməyir, isitməyir iz qoyub.

Səfeh könlüm öz-özünə buz qoyub,

İsti könlüm, yalnız səni gəzirəm.

***

Yağan yağış ruhuma həmdəm olur,

Payız tökür yarpağını, gül solur.

Qəlbim sanki yeni başdan yoğrulur,

Dualarla bu günümə dözürəm.

***

Bir düyündür, açılmayır ilmədən,

Ummadığın gəlir başa bilmədən.

Həyat keçmir danışmadan, gülmədən,

Səbir edərək düyünümü çözürəm.

***

Bilirəm ki, güllər açar təzədən

Bu belədir, lap əvvəldən, əzəldən.

Qəlb evimi yalnız Rəbbim düzəldər,

Xəyal deyil, gerçək ilə süzürəm.

SEVGİ NƏĞMƏLƏRİ

Dünya sevinc gətirər,

Sən yanımda olanda.

Qaldırıb qollarını,

Boynuma dolayanda.

***

Yağsa leysan yağışı,

Üşümərəm yanında.

O mehriban ürəyin,

Qalıb soyuq canımda.

***

Xoş gəlmisən ömrümə,

Hər günümün səhəri.

Almısan taleyimdən,

Neçə acı qəhəri.

***

Gəl göylərə baxaq biz,

Ulduzlar sayrışanda.

Niyyət tutaq ikimiz,

Bir ulduz da aşanda.

***

Getmə məndən aralı,

Zülmət olar sənsizlik.

Bu qəlbimi yaralı,

Edər tənha səssizlik.

YENƏ YADIMA DÜŞMÜSƏN

Mənim kiçik ürəyimə,

Çox böyükdür bunca kədər.

Bir gül dərmək üçün bağdan,

Tikan dərdim köksüm qədər.

***

Bu gülün ətrinə heyran,

Olmağıma, peşman oldum.

Payız vaxtı ağac yarpaq,

Mən isə saçlarım yoldum.

***

Xəyal adlı qayığıma,

Niyyət edib can atdıqca.

Yuvarlandım ona tərəf,

O məndən uzaq qaçdıqca.

Isa Ravan