Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

19 May 2021 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Fesih Alioğlu (Türkiyə)

GƏNCLİK

Deyirəm nə ola, getməyə gənclik,

Heç kimi pərişan etməyə gənclik.

Tərk edib həyatı bir xəyal kimi,

Ömürdən ayrılıb itməyə gənclik.

***

Əsin hər tərəfə, əsin küləklər,

Ancaq çiçəkləri qoparmayın siz.

Bir də insanların ən çox sevdiyi,

Gənclik illərini aparmayın siz,

Ömürdən bir ömür qoparmayın siz...

SEVMƏYƏCƏK O SƏNİ

Dəli könlüm, nə ağlarsın yar üçün,

Bu sevdadan bir dəfəlik əl götür.

Çox inləyib, göz yaşları axıtma,

Sevməyirsə, sevməyəcək o səni.

***

Yollarına göz dikən də mən oldum,

Bu sevgidə bel bükən də mən oldum.

Məhəbbətdən xəstə ürək mən oldum,

Heç inləmə, sevməyəcək o səni.

***

Narçiçəyi, vaxtsız açan gülmüşsən,

Yad bağında sən yuvamı qurmuşsan?

Eşq oduna alovlanıb yanma sən,

Sevməyirsə, sevməyəcək o səni.

AZƏRBAYCAN BAYRAĞI

Yüz illik keçmişimiz, əbədi tariximiz,

Yazıbdı qələmimiz, Azərbaycan bayrağı.

Üç rəngli bayrağımız, şanımız, şöhrətimiz,

Budur bizim sevdamız, Azərbaycan bayrağı.

***

Yüksələn onurumuz, fəxrlə qoruduğumuz,

Sevincli günlərimiz, Azərbaycan bayrağı.

Vətənimiz var olsun, müstəqil, azad olsun,

Canlarımız sağ olsun, Azərbaycan bayrağı.

***

Həmişə dalğalanar, zirvələrdə ucalar,

Ulduz kimi parlayar, Azərbaycan bayrağı.

Güclüyük, qüvvətliyik, inamlı dözümlüyük,

Vətənin əsgəriyik, Azərbaycan bayrağı.

***

Hamını qısqandıran, göylərdə dalğalanan,

Bizi qürurlandıran, Azərbaycan bayrağı.

Dalğalan yüksəklərdə, həmişə zirvələrdə,

Yerin həp ürəyimdə, Azərbaycan bayrağı.

***

Döyünən ürəyimsən, başımın da tacı sən,

Ayım sən, ulduzum sən, Azərbaycan bayrağı.

Gözümüz aydın olsun, bayram mübarək olsun,

Hər anımız şən olsun, şanlı vətən bayrağı,

Azərbaycan bayrağı!

Aygün Sadiq

PƏNCƏRƏ

Yanaşı binada yad pəncərədən,

Sakit çölə baxır, narahat bir qız.

Hərdən yoxa çıxır, kimsə görmədən,

Yenə peyda olur səssiz, sədasız.

***

Qızın baxışından kədər süzülür,

Bunca dalğınlığın səbəbi nədir?

Üzgün baxışların nicatı, bəlkə,

Kiminsə evinə dönməyindədir?

***

Suallar beynimi didib, dağıdır,

Cavablar müxtəlif, qarmaqarışıq.

Bəlkə, bu gənc qızın son pənahıdır,

Qarşı pəncərədən yanası işıq?

***

Səni anlayıram, onu sevirsən,

Qəlbin dönüb olub məsum bir uşaq.

Elə bilirsən ki, otağa girsən,

Qarşı pəncərədə işıq yanacaq.

***

Xəbəri yox imiş, eləmi, guya...

Necə saf imişsən, ay qəlbi yuxa.

Hər dəfə baxdıqca qarşı binaya,

Az qalır ürəyin yerindən çıxa .

***

Yanmadı işığı o pəncərənin,

Amma heç üzülmə, unut bunları.

Həyatın bu yerdə bitmir ki, sənin,

Hələ qarşıdadır xoşbəxt anların.

***

Qızım, niyyətlərin gözəl olsa da,

Həyat nə verəcək? Bilməyir heç kəs.

Təəssüf edirəm, amma dünyada,

Bütün gözləntilər vüsalla bitməz.

***

Düşünmə həyatın sonudur artıq,

Yandır işığını öz otağında.

Başqası gözləsin səndən bir işıq,

Gənclik həyatının bahar çağında .

ŞAİRDƏN RƏSSAMA XİTAB

Elə çək rəsmimi, rəssam, baxışı nəmli düşüm,

Sima üzgün, dodağı lal, ürəyi qəmli düşüm.

***

Əlinin sehrini səp nur kimi şəffaf kətana,

Məni bənzət gülə, lakin, çalış anlamlı düşüm.

***

Amma rəssam, nə olar, dəbli çəkərsən ki, məni,

Oxucum izləyəcək geyimdə, gündəmli düşüm.

***

Şairin çək üzünü, eşq ilə mübtəla kimi,

Şərabından gözü sərxoş, vücudu dəmli düşüm.

***

Sadiqin rəsmini yar görməyə təşrif buyura,

Amanın bir günüdür, cəhd elə görkəmli düşüm.

MƏNİM YENİ İLİM

Mənim yeni ilim gözləri nəmli,

Mənim yeni ilim sevincdən uzaq.

Biz necə qeyd edək bu yeni ili,

Ata gözləyirsə o yetim uşaq?

***

İgidlər dönmədi evlərə bu gün,

Təzə mənzilində şəkildən baxdı.

Bizim övladların rifahı üçün,

Onlar balasını yetim buraxdı...

***

Hamı heyrət etdi bu cür sevgiyə:

Vətənçün özünü heçliyə saymaq.

Övladlar vətənsiz qalmasın deyə,

Doğma övladını atasız qoymaq.

***

Bəzəkli xonçalar səhv salıb yerin,

Məzarlar üstünə düzülüb axı.

Nişanlı qızlara təsəlli verin:

“Sizinki bu cürə yazılıb axı”.

***

Vətənə çevrilən igid balalar,

Təzə mənziliniz soyuq deyilmi?

Ay ellər, bu qədər şəhid acın var,

Bayramı düşünmək ayıb deyilmi?