Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

1 İyun 2021 09:51
Bəyəndim (20) Bəyənmədim (0)

Eşqin Məmmədov

SON ÜMİD

Payız məni darıxdırır, İlahi,

Qəribliyim sanki yenə qalıbdır.

Sevinc addım-addım ötür yanımdan,

Arzularım çiskin, çənə qalıbdır.

***

Nə zalımmış bu ömrümü düzəldən,

Bir ömür ki, düz çıxmayıb yüz əldən.

Mənim bəxtim belə gəlib əzəldən,

Sabahlarım min dünənə qalıbdır.

***

Axı necə çıxım, gedim xoş yerə?

Bəsdir ruhum, bəsdir, məndən düş yerə.

Ümidləri xərcləmişəm boş yerə,

O ümiddən bircə dənə qalıbdır.

***

Uzaqlaşdın məndən yenə yüz qarış,

Bu taleyim vallah, mənə qısdı, qış.

Gah borandır, gah tufandır, gah yağış,

Son ümidim sönə-sönə qalıbdır.

SƏN

Bilmirdin nə vaxtsa ağlayacaqsan?

Mənim gözlərimdə yaş qoyanda sən.

Sevgi mənzilini mən tək tikərdim,

Yadın yuvasına daş qoyanda sən.

***

Əllərin əclafın kobud əlində,

Bir zaman solacaq təravətin də.

Hər dəfə ağrılar tutur sinəmdə,

Özgə sinəsinə baş qoyanda sən.

***

O, səni tərk edib, gözlərin yaşda,

Necə bağışlayım, deyir, bağışla.

Bilmirdin əllərin qalacaq boşda?

Eşqinin ürəyin boş qoyanda sən.

AĞLAYARMIŞ

Bir gün mənə könlüm dedi:

-Tərk edilmiş hər bir sevgi,

Əzab çəkən insan kimi,

Baxışlarda ağlayarmış.

***

Day, döyülmüş bir sətirəm,

Məndə tapır hər itirən.

Kədər əkib, dərd bitirən,

Qarğışlar da ağlayarmış.

***

Çətin sevinc tapar ömrüm,

Bəsdir, nolar, qurtar ömrüm.

Gizlin-gizlin bahar ömrüm,

Qərib qışlarda ağlarmış.

***

Ünvanları səhv salırlar,

Yad ürəkdə yer alanlar.

Deyir ancaq vəfalılar,

Gözdən dışlarda ağlarmış.

***

Doğulmadım, necə ölüm?

Ömrüm film, bircə bölüm.

Nə biləydim şair könlüm,

Ağlayarmış, ağlayarmış!

Mayisə Əsədullaqızı

BİZ DÜNYADA OLMAYANDA

Tanrım, atdın bizi,

Dünya deyilən həbsxanaya,

Böhtan, şər qoxuyan meyxanaya.

Hiylə, xata gəda işi,

Daha arxadan yox,

Alından vurur nakişi.

Kimsə odda yaxılanadək,

Qovurlar mərdi yıxılanadək.

Bəlkə də nə vaxtsa,

Gələcək ətirli bahar,

Xoşbəxt olacaq insanlar!

Amma,

Dünya bizə qalmayanda,

Biz dünyada olmayanda!

ZAMAN TƏLƏSMİR

Keçmişini fikirləşib

üzülmə,

Üfüqlərin içi boş olur,

Qaranlıq kimi…

Əl uzatsan da,

Nəsə hiss etməyəcəksən.

Ömür bizə qurulan tələ,

Kimisə xoşbəxt etməyə,

Zaman tələsmir hələ…

KÖVRƏK XATİRƏLƏR

Başın nələr çəkəcəyini,

Gözün nələr görəcəyini,

Deyə bilməzsən.

Sevgi həyəcanı var,

Gözlərdən süzülən yaşın

Həyəcanı var.

Ayağıma toxunan,

Daşın həyəcanı var.

O gecə yatmadım,

Sevgi umdum bu paydan.

O günü ömürlük

Yaşada bilmədinsə,

Sənin nə faydan?!

Yada düşdükcə,

Ağladım boğulunca,

Günəş doğulunca.

Sübh şəfəqi başını

Qoyub sinəmə,

Dinlədi qəlbimin ümmanın,

Kövrək söz dumanın.

Səhər şehi,

Çiçəklərdən silə-silə təri,

Oyadırdı şəhəri...

Hazırladı:İsa Rəvan