Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

3 İyun 2021 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Rəşad Abidoğlu

İNANMIRAM QOCALIM

Sinəmdə eşq ilə döyünən ürək,

Macal verməz məhəbbətsiz saralım.

Çarxını tərsinə çevirdim fələk,

Bu gedişlə inanmıram qocalım.

***

Sevda dəryasında üzən gəmiyəm,

Yağışsan, yağışa həsrət zəmiyəm.

Yenicə doğulan uşaq kimiyəm,

Bu gedişlə inanmıram qocalım.

***

Kədər məndən uzaq durur, yan qaçır,

Günəş üzərimə şəfəqlər saçır.

Bağım, bağçam təzə-təzə gül açır,

Bu gedişlə inanmıram qocalım.

***

Nurlu asimanım qaralan deyil,

Xoşbəxtlik körpüsü qırılan deyil.

Başım indən belə ağaran deyil,

Bu gedişlə inanmıram qocalım.

***

Hələ ki, möhkəmdir ömür qalası,

Hələ sinəsinin yoxdur yarası.

Şairlər qocalmır, atam balası,

Bu gedişlə inanmıram qocalım.

EVİMƏ GEDİRƏM

Bir ovuc xatirəm var,

Yığıb cibimə gedirəm.

Gözlərinin bəbəyindən,

Çıxıb evimə gedirəm.

***

Nəyimiz var bölək yarı,

Üz tutaq hicrana sarı.

Ümidləri, arzuları,

Yıxıb, evimə gedirəm.

***

Zəhərə qatma dilini,

Gəl yola sal mən dəlini.

Dost kimi uzat əlini,

Sıxıb, evimə gedirəm.

***

Baş qoşma mən sərsəriyə,

İnadım çətin əriyə.

Dönmürəm, son kəs geriyə,

Baxıb, evimə gedirəm.

***

Qəm gətirdim ocağına,

Nisgil doldu otağına.

Göz yaşıtək yanağına,

Axıb, evimə gedirəm.

DEYİLƏM Kİ

Dərd çəkməyən dərd nə bilir,

Allah hamımızı görür.

Nə olsun ki, üzüm gülür,

Ürəyi şən deyiləm ki.

***

Dörd yanımı hicran sarıb,

Yoran məni çoxdan yorub.

Bağçam da xaraba qalıb,

Gülü gülşən deyiləm ki.

***

Kədər çökdü dodağına,

Yaş süzüldü yanağına.

Çıxıb getsən, ayağına,

Ölüb, düşən deyiləm ki.

***

Səndən şeir yazmaq zülm,

Vəsf eləmək başqa olum.

Mən şairəm, ancaq, gülüm,

Ramiz Rövşən deyiləm ki.

Nahidə Tağıyeva

TƏNHA QALASAN

Vay o günə tənhalaşıb sakitcə,

Çəkiləsən öz evində bir küncə.

Bürünəsən dərddən, qəmdən bir şala,

Danışasan ürəyində gizlincə.

***

Qucaqlayıb dizlərini möhkəmcə,

Bu dünyadan uzaqlaşıb gedəsən.

Ağladığın duyulmasın deyə sən,

Öz əlinlə öz səsini kəsəsən.

***

Göz yaşların yanağında iz sala,

Cığır kimi gözlərindən aşağı.

Qovrulasan dərd əlindən ilantək,

Olmaya bir dərdinə dərd ortağı.

***

Kimsə gəlib bir təsəlli verməyə,

Ovutmaya könlünü bir söz ilə.

Çəkməyələr saçlarına bir sığal,

Bir sakitləş, kəlməsini deməyə.

***

Xəbər tutmayalar belə halından,

Bilməzlər qəlbini dərd didib, tökür.

İçin paralanıb qəmdən, kədərdən,

Səni ağrı, acı içindən sökür.

SƏNSİZLİK

Dilimin sözünə baş əydi ürək,

Susdum, gözlərimə yaş dola-dola.

Gör mənim bəxtimə nə yazıb fələk,

Sənsiz yaşayıram, sən ola-ola!

***

Bəlkə də yaxınıq, bir nəfəs qədər,

Nədən aramızdan keçilməz çəpər?

Bilmirəm bu dərdə dözüb nə təhər,

Sənsiz yaşayıram, sən ola-ola!

***

Yolum yox qayıdam, dönəm geriyə,

Hər şeyə yenidən başlayım deyə.

Mən varam, sən varsan cavab ver, niyə?

Sənsiz yaşayıram, sən ola-ola!

DƏRDİMƏ MƏLHƏM

Sənsiz günüm olub qara,

Bağrım başı para- para.

Məni sən çəkmə gəl dara,

Üzünü göstər qoy görüm,

Ondan sonra gəlsin ölüm.

Bu ayrılıq nə çətinmiş,

Bu toxumu kim səpibmiş?

Yoxsa küləkmi gətirmiş...

Bircə dəfə gəl insafa,

Özün dur gəl, dur ayağa.

Söylə bitər bu həsrətim?

Keçərmi de məşəqqətim?

Günəş qovarmı zülmətim?

Danış, duyum nəfəsini,

Dərdimə məlhəm səsini.

Hazırladı: Isa Rəvan