Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

15 İyun 2021 07:57
Bəyəndim (4) Bəyənmədim (0)

Ziya Fədai

ÖLÜMLƏ GÖRÜŞƏ GEDİRSƏN

Şeytan yollarında çox quyu qazıb,

Nəfsin gah düz olub, gah yolun azıb.

Ömür təqvimindən bir gün də pozub,

Ölümlə görüşə tərəf gedirsən.

***

Ölümdən qorxursan, söyləməsən də,

Bu görüş olacaq, gözləməsən də.

Onsuz istəsən də, istəməsən də,

Ölümlə görüşə tərəf gedirsən.

***

Bu qədər səhvini bir neçə düzlə,

Fədai, bacarsan indi təmizlə.

Özün də bilmirsən heç hansı üzlə,

Ölümlə görüşə tərəf gedirsən.

QALMISAN

Səni unutmağa çalışıb hər gün,

Başımı şərabla, meylə qatmışam.

Səni unutmağa çalışdıqca mən,

Ömrümü, günümü heçə satmışam.

***

Hər gecə şəninə sağlıqlar deyib,

Özüm öz eşqimi alqışlamışam.

Səni bu sevgidə təqsirli bilib,

Sonra da əfv edib, bağışlamışam.

***

Nə sən unuduldun, nə mən unutdum,

Xatirəm, xəyalım olub qalmısan.

Canımla, qanımla bəslədiyim gül,

İndi ürəyimdə solub qalmısan.

SƏNDƏN SONRA

Səndən sonra çox dəyişdim, a zalım,

Yetim qalan uşaq kimi tək oldum.

Sən var idin, cənnət idi bu dünya,

Səndən sonra cənnətdən də qovuldum.

***

Ağlamağı ar bilirdim, ağladım,

Son gülüşüm nə vaxt olub, bilmirəm.

Hər gün deşib yarama duz bağladım,

Ölmək üçün çalışıram, ölmürəm.

***

Sənli nə var, yavaş-yavaş tükənir,

Xəyalın da daha gülmür üzümə.

Fırlanıram sağa, sola, alınmır,

Neçə gündür yuxu getmir gözümə.

***

Hər ötən gün ağrılarım çoxalır,

Ruhumadək yoluxmuşam mən sənə.

Sanırdım ki, ölməyimə çox qalır,

Bir az, bir az ölürmüşəm, sən demə.

Ziba Sevindik

BİLMƏDİM

Dağların dumanı başıma endi,

Mənim bu halıma hicran öyündü.

Həsrətim çağlayan dənizə döndü,

Əl atıb sahilə, üzə bilmədim.

***

Necə söyləyim ki, vüsala yetim?

O yerdə daş olub, o yerdə bitim.

Bilmirəm sən necə ayrılıb getdin,

Mən bu ayrılığa dözə bilmədim.

***

Yenə də görüşdük, durduq göz-gözə,

Sözlərim qırıldı, düzə bilmədim.

Sükuta qərq olub, mən lal dayandım,

Əlimi əlindən üzə bilmədim.

***

Bu necə sevincdir, necə görüşdür?

Bir anda elə bil, illər görüşdü.

Sən getdin yollara, izlərə düşdün,

İzini tapdayıb, gəzə bilmədim.

MƏNƏ QALAN HƏSRƏT

Əvvəlki gülün deyiləm,

Ləçək-ləçək tökülürəm.

Susuzluqdan elə bil ki,

Öz-özümə bükülərəm.

***

İndi sənsiz axtarıram,

Ötüb keçən o illəri.

Hardan alım, saçlarıma

Sığal çəkən o əlləri?

***

Boylandıqca sənə sarı,

Həsrətindən sızlar yaram.

Sən gedəli dərdim artıb,

Sevinc mənə olub haram.

***

Sorağını kimdən alım?

Axtarıb tapa bilmirəm.

Yalqızlıqdan cana doyub,

Qəlbinə hopa bilmirəm.

***

Nədən gəlib getdin belə?

Günüm döndü, zülmət oldu.

Əridikcə gilə-gilə,

Mənə qalan həsrət oldu.

SƏN OLMASAYDIN

Gecələr ruhunla danışmasaydım,

Eşqini qəlbimdə yaşatmasaydım.

Dərdindən od tutub, alışmasaydım.

Mən şair olmazdım, sən olmasaydın.

***

Əzəlim, ilk sevgim, son sevgim oldun,

Axdın bulaq kimi qəlbimə doldun.

Qəmli günlərimdə könlümü aldın,

Mən şair olmazdım, sən olmasaydın.

***

Hər yada saldıqca sənli günləri,

Artır ürəyimin qəmi, kədəri.

Sənsən həyatımın ən şah əsəri,

Mən şair olmazdım, sən olmasaydın.