Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

17 İyun 2021 06:36
Bəyəndim (10) Bəyənmədim (0)

Elsevər Hüseynoğlu

GÖRÜNÜR

Göyün üzü tutulubdur,

Bədirlənmiş Ay görünür.

Günəş, Ayla yer dəyişir,

Günlər keçir, say görünür.

***

Getdi daha soyuq, sazaq,

Tənbəllikdən durub uzaq.

Mədh edərək şeir yazaq,

Bahar gəlib, yay görünür.

***

Dərd götürür düşündükcə,

Acılarla süst düşüncə.

Qaranlığa gün düşüncə,

Köməksizə pay görünür.

***

Düşüncəmiz dəyişməyib,

Bərkə, boşa heç düşməyib.

Sözlər dayaz, çiy, bişməyib,

Əməllər var, zay görünür.

***

Düşündürsün sözlər sizi,

İnsan gedər qalar izi.

İncitməyək özümüzü,

Ölüm gəlir, vay görünür.

QALXAN KİMİYƏM

Bu qədər kədərin tən ortasında,

Püskürüb, partlayan vulkan kimiyəm.

Dərdimə qarşılıq sinəmi verib,

Zərbələr götürən qalxan kimiyəm.

***

Hiss etməz bədənim ağrı, acını,

Dəyişmək zor olar, belə yazını.

Aşıqlar kökləsin kədər sazını,

Bəmə enib, zilə qalxan kimiyəm.

***

Yatarmı ruhumda oyanan kədər?

Yaşarmı, Elsevər bu ömrü hədər?

Mən də hamı kimi bir gəldi-gedər,

Qəbirdən xortlayıb, qalxan kimiyəm.

BU GECƏ

Bu gecə sıxıcı, darıxdırıcı,

Bu gecə məni çox narahat edir.

Bu gecə elə bil yerimir zaman,

Bu gecə əqrəblər farağat gedir.

***

Bu gecə səbrimin tükənəsi var,

Bu gecə havada bürkü, nəsə var.

Bu gecə küləyin pərləri sınıb,

Bu gecə ürəyim yaman sınıxıb.

***

Bu gecə olacaq, nə olacaqsa,

Bu gecə qəlbimə daş bağlayacam.

Bu gecə gəlməsə zalım balası

Qəlbimi yararaq boş bağlayacam.

Ülviyyə İbrahimova

BİLSƏM

Bütün bəlaları yığıb ovcuma,

Yerin dərinində basdıra bilsəm.

Ya da göz önündə, böyük meydanda,

Cəlladın əliylə asdıra bilsəm,

Rahat ölərdim.

***

Olmasın ölümlər, qanlı savaşlar,

Dağılmış yuvalar, kəsilmiş başlar.

Oxunsun nəğmələr, qoy ötsün quşlar,

Ana naləsini, silah səsini

kəsdirə bilsəm,

Rahat ölərdim.

***

Qara buludları qovlaya bilsəm,

Günəşi əlimlə saxlaya bilsəm.

Bürünər bağçalar, çəmənlər gülə,

Açılar çiçəklər, nəinki güllə...

Dünyanın üstündən tufanlar deyil,

Xoşbəxtlik küləyi əsdirə bilsəm,

Rahat ölərdim,

Elə ölərdim...

GEDİRƏM

Bu eşqi finala gətirdin özün,

Qapandı pərdələr, tükəndi sözün.

Olmadı axırda görməyə gözün,

Həmin o gözlərə baxıb gedirəm.

Puç olmuş ümidlə çıxıb gedirəm.

***

Düyündür kəlmələr yenə boğazda,

Boğulur hisslərim hətta dayazda.

Öyrəşə bilərəm, qalsam bir az da,

Bağrımın başını yaxıb gedirəm?

Puç olmuş ümidlə çıxıb gedirəm.

***

Öldürür bil məni buz soyuqluğun,

Cəhənnəm kimidir sənin yoxluğun.

İçində sən olan qəlbə vurduğun,

Qurşunu sinəmə sıxıb gedirəm,

Puç olmuş ümidlə çıxıb gedirəm.

***

Söyləsən “getmə, qal”, qala bilərdim,

Səninlə ömrümü bölə bilərdim.

Bu dəli sevgiyçün ölə bilərdim,

Gedirsən, arxanca baxıb gedirəm,

Puç olmuş ümidlə çıxıb gedirəm!

OLMUR

Dağıtdın, uçurtdun öz əllərinlə,

Qəlbimdə qurduğun sevgi qalamı.

Bir zaman mənimçün darıxan adam,

İndi almırsan da daha salamı.

***

Gəldin, təzələdin ömür yolumu,

Enişlər, yoxuşlar geridə qaldı.

Getdin, sevinclərim qeybə çəkildi,

Gör məni neçə il geriyə saldı!

***

“Unut sən, unudum, unudaq gərək”,

Bəzəkli cümlələr həqiqət olmur.

Sonunda unudan birinin inan,

Qəlbində əzəldən məhəbbət olmur.

Hazırladı: İsa Rəvan