Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

24 İyun 2021 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Şahlar Qəribli

NƏ KEÇDİ (QIFILBƏND)

Bir hikmət görmüşəm, xəyalım çaşıb,

Darar saçlarımı, darağı beşdi.

Gah yaradar qurar, gah da öldürər,

O olmasa, insan bil ki, bir heçdi.

***

Kimdir üstümüzdə sahib ixtiyar?

Salavat zikrində hansı məna var.

Bir zəmi görmüşəm bir sahibi var,

Vədəli, vədəsiz kim onu biçdi?

***

Haqqına səcdə qıl, dərgaha əyil,

O nədir, danışar, heç canlı deyil?

O nədir, azalar gələndə hər il,

Qəribli, könlündən yenə nə keçdi?

ŞAİR

Elə yaranandan qoca dünyanın,

Dərd adlı yükünü çəkərmiş şair.

Könlündə nə varsa sözə döndərib,

Ağ kağız üstünə tökərmiş şair.

***

Dərddən pay olarmış, hey ətək-ətək,

Kimsə anlamazmış, duymamış gerçək.

Qoşub qəm cütünü gecə sübhətək,

Yatmazmış dərd, kədər əkərmiş şair.

***

Qəribli, onsuz da ömür çox qısa,

Sevincin döndərir sonunu yasa.

Zamandan qiymətin düzgün almasa,

Əyilər, sınarmış, çökərmiş şair.

QATAR-QATAR

QOŞA YARPAQ -QOŞA QAFİYƏ

Aldanma hər paya, uyma dünyaya,

Hər şirin sevdaya pəl qatar-qatar.

Salar ahu vaya, əməyin zaya,

Haramdan bir maya, əl qatar-qatar.

***

Həmişə bil yerin, düşün sən dərin,

Tərs olmaz qədərin, cəm olar sərin.

Haqq düzər işlərin, olsa nəzərin,

Yazdığı bəxt paya ləl, qatar-qatar.

***

Yaxşı yadda qalar, hər vaxt iz salar,

Qanan dərsin alar, xəyala dalar.

Ay Qəribli Şahlar, işin tərs olar,

Səni hər bəlaya gəl, qatar-qatar.

Zərin Hüseyn

BİR DALĞALIQ ÖMÜR

Mən sevginin dan yerində,

Ümidimi gözləyirdim.

Eşqin coşqun sahilində,

Həsrətimi izləyirdim.

***

Bir bulud eşq, bir üz, baxış,

Məni necə yıxar oldu.

Dəniz qısqandıran yağış,

Gözlərimdən çıxar oldu.

***

Bilmirəm ki, keçəcəkmi,

Dərin sular boyu dərdim?

Bir dalğalıq ömür vardı,

Neçə dərdə kürək çəkdim.

MAVİ ALƏM

Buludlara şeir yazdım,
Qanadlanıb uçum gərək.
Uşaqların göz yaşını,
Əllərimlə silim gərək.

***

Gəlin, uşaqlarla birgə,
Gedək günəşli günlərə.
Don vurduğu taleləri,
Sildik, qovuşsun keçmişə.

***

Maviliklər, biz gəlirik,
Qapını aç sevinclərə.
Uşaqlar şeir yazacaq,
Göy səmadan sətirlərə.

GECƏ NƏĞMƏSİ

Sərin mehli bir gecədə,
Tənhalıqla dostlaşmışam.
Dostlarım məndən küsəcək,
Hiss edirəm, kədərdən ilham alan,
bir çox misra
yenə də sətirlərə düzüləcək.
Dünya niyə ölmüş bilir,
qaranlığa doğmuşları?
Ayı görən Günəşini unudubmu?
aydınlanan kimsə görmür,
ona işıq tutmuşları.
Duyğularım qalaq-qalaq,
Ağlımdakı düşüncələr,
ulduzlartək sayrışıq.
Bu ürək neçə-neçə yaralara,
yar olub, çox heyif ki,
Mən doyunca yaşamamış
həyat məndən yorulub.
Yaxınlaşsam, arzularmmı tez sönər,
Yoxsa işıldaquşu?
Bu gecə də hüznlərə
laylay çalır,
Xülyaların bayquşu.

Hazırladı: Isa Ravan