Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

29 İyun 2021 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

İlqar Əqlikəm

GƏLİRƏM

Dərdindən qaçaram, qorxaq deyərsən,

Ömür neçə gündür? Dözüm, gəlirəm.

Yel vurar, közümdən kimsə alışar,

Su səpim, kül olsun közüm, gəlirəm.

***

Altı qitəsi var, heca dünyadır,

Nə bilim alçaqdı, uca dünyadır?

Demirsən, bu dünya qoca dünyadır?

Görürəm, kor deyil gözüm, gəlirəm.

***

İşdir də, yataram, səhər durmaram,

Ürəkdir dayanar, xəyal qurmaram.

Səni sevdiyimi minnət vurmaram,

Sevgi də bir yoldur, çözüm, gəlirəm.

XATIRLADIM SƏNİ

Tənzif axtarmıram, yod istəmirəm,

Səni xatırlatsın, yaralar mənə.

Qəlbinin işığa borcu qalmışdı?

Yaman soyuq gəldi, buralar mənə.

***

Getdin, bəhanəni yazmayım, qalsın,

Gözüm su içmədi, bəhanən soldu.

Tarixi oxuyub dörd almışam e,

Sən de, son davamız, de, haçan oldu?

***

Bulud saçlarını sinə dağımın,

Üstünə gətirməz paxıl küləklər.

Əllərim günaha batmır, əzizim,

Qırılmır, öz ömrün sürür çiçəklər.

MƏNİM

Çaya oxşamıram, qorxub qaçasan,

Xəbərdar deyilsən, selimdən mənim.

Qəlbim qızıl olsa, alıb satardın,

Yoxdur umacağın dilimdən mənim.

***

Sevməyə səbəb zad axtarma, yoxdur,

Qanım aşağıdır, əlim soyuqdur.

Saydım ki, tək mənəm, həsrətin çoxdur,

Az-maz yer götürüb telimdən mənim.

***

Axtaran tapıbdı, seçən seçibdi,

Kim nə əkdiyini bilir, biçibdi.

Əşi, iməkləyən vaxtım keçibdi,

Neynirsən e, tutub əlimdən mənim?!

Dilarə Süleyman

BİLMƏDİN

Səbrimin kasası dolana qədər,

Qəlbimdə, gözümdə yer boşalıbdı.

Sonuncu ümidim ölənə qədər,

Qəlbimin yerində bir daş qalıbdı.

***

Özümü sevdirə bilmirəm, gülüm,

İnsanlar dildəki bəzəyə baxır.

Bəlkə də xoşuna gəlmirəm, gülüm,

İndi hansı gözlər ürəyə baxır?

***

Mən uşaq kimiyəm, tezcə küsürəm,

Sən mənim könlümü ala bilmədin.

Gözlərim danışsın deyə, susuram,

Sən gözümə nəzər sala bilmədin.

***

Ay mənim yuxumu aparan adam,

Bir yaşamlıq ümid qoyub get barı.

Ruhumu cismində qoparan adam,

Qəlbində nə vardı, deyib get barı.

***

Fəsillər acımır mənim eşqimə,

Saçıma qar yağır, gülümə xəzan.

Bəxtimi bağladın bir sarı simə,

Hər nəğməm sənədir, bəxtimi yazan!

SƏNDƏN SAVAYI

Daha mən də yoxam, heç sən də yoxsan,

Məndə mən qalmayıb, səndən savayı.

Bədən ağrılardan, acıdan keçib,

Hər dərd var içində candan savayı.

***

Mən daha baxmıram, sən gedən yola,

Eşitdim heç sən də peşman deyilsən.

Niyə üzüdönük çıxmısan belə?

Hərdən halım soruş, düşmən deyilsən!

***

Daha aya baxıb söhbət eyləyən,

Xəyallar, ümidlər zamanı keçib.

Nə sən həmən sənsən, nə mən həmən mən,

Daha bu sevginin karvanı köçüb.

UZAQLARDA ARAMA MƏNİ

Həsrət sevgimizə elə yaraşır,

Sanki gül yanağa cığa yaraşır.

Allah, mən qul kimi yaraşmasam da,

Sevgimə sənintək ağa yaraşır.

***

Yar, verdiyim əhdi pozdu gözlərim,

İstəyirdim yağam gələm yanına.

Leysanımla təmizlənsin tozlarım,

Nə ölü, nə sağam, gəlim yanına?

***

Mən ruzigara qapılmış bir buludam,

Oyuncağa çeviribdi yel məni.

Bircə dəfə demədin ki, ay adam,

Uzaqlarda arama sən gəl məni.

***

Kirpiklərim sahillərin lal daşı,

Gəl gəz, ayaq izlərini qoyub get.

Sevgin ilə yanır bağrımın başı,

Bircə kəlmə sevdiyini deyib get.

***

Dəli ruhum titrək nanə yarpağı,

Xəzan soldurmamış qoparsan, yetər.

Cismim ilə məşğul etmə torpağı,

Ruhumu götürüb aparsan, yetər.