Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

6 İyul 2021 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Firdovsi Rəsul

ATA

Canından, qanından ruh verdin bizə,

Varlığın sığışmır şeirə, sözə.

Sən bizim bir ömür ailəmizə,

Allahın yazdığı yazısan, Ata!

***

Biz yatdıq, səhərlər tezdən oyandın,

Soyuqda üşüdün, alovda yandın.

Sən alın təriylə çörək qazandın,

Zəhmətlə böyütdün bizi sən, Ata!

***

Daddın baba kimi nəvə dadını,

Sərdin üstümüzə qol-qanadını.

Oğlumda yaşatdım sənin adını,

Elə bil sən onun özüsən, Ata!

***

Mən də bu dünyada qonaq kimiyəm,

Atayam, gözündə uşaq kimiyəm.

Mən indi durulan bulaq kimiyəm,

Sən həmin bulağın gözüsən, Ata!

***

Yeyib bitirməmiş zaman ömrümü,

Zəhmətinə borclu olan ömrümü.

Sənə bağışlardım qalan ömrümü,

Bilsəm ki, bilsəm ki, razısan, Ata!

UNUDACAĞAM

Yenə də sən yoxsan, hava qaralıb,

Bu sənsiz gecəyə sərxoş qonağam.

Birinci qədəhdə yadıma salıb,

Sonuncu qədəhdə unudacağam.

***

İkinci qədəhdə əsəcək əlim,

Xəyalın başımda dumanlanacaq.

Dağların dumanı çəkilir, gülüm,

Həsrətin başımdan çəkilmir ancaq.

***

Qismət olmadısa, demək olmadı,

Sabahı ümidlə açasan gərək.

Üçüncü qədəhdə içkinin dadı,

Bütün acılardan şirin gələcək.

***

Geriyə qayıtmaz bir yolluq gedən,

Baxma dərələrdən uca dağlara.

Bir sağlıq deyirəm ölən sevgidən,

Əbədi yaşayan ayrılıqlara.

***

Mən sənə dərdimi açıb demişəm,

Ömrümün ən yaxın sirdaşı kimi.

Sonuncu qədəhi süzüb içirəm,

Süzülür sonuncu göz yaşı kimi....

DEMİŞDİN

Yadigar bir ürək saxladım səndə,

İncikli deyiləm, küskün deyiləm.

Demişdin gedəcəm vaxtı gələndə,

Gedəcəm gəldiyim bu ümid ilə.

***

İndi mənə yalnız gedişin qalır,

Geri dönüşünə ümid qalmadı.

Deyirdin hər şeyin bir sonu olur,

Bircə bu həsrətin sonu olmadı.

***

Bəxtim taleyimdən aralı, qaçaq,

Qapıdan qaytarar gələn qonağı.

Demişdin bu sevgi baş tutmayacaq,

Necə ayaq tutub yeridi axı?

***

Məni sınamaqçün demişdin ən çox,

Məni çox sevirsən, yoxsa o qızı?

Demişdim qoparsan, birgə qopacaq,

Ömür dəftərimdən qoşa kağızı.

***

Yoxluğun həqiqət, varlığın yuxu,

Batan günəş idi sənin gedişin.

Nə deyim mən sənə, nə deyim axı,

Sən mənə hər şeyi açıb demişdin.

Şəhla Vahid Hacıyeva

KÜÇƏNİZDƏ

Mən sənə qədər sağdım,

Qaralanmamış ağdım.

Yağdım, gözündən yağdım,

Selləndim küçənizdə.

***

O qar, o külək mənəm,

O qopan çiçək mənəm.

Tökülən ləçək mənəm,

Yelləndim küçənizdə.

***

Ömrümün bu ilində,

Aç bax, nə var əlimdə?

Hər vağzalı dinəndə,

Dilləndim küçənizdə.

NƏ FƏRQİ

Sən ağladın, mən ağladım nə fərqi,

Ağrımızın canı birdir, ruhu bir.

Hər gecə gözümüz pəncərədədi,

Gecə keçsə, açsaydıq sabahı bir.

***

Sızıldayan ürəyimmi, yox, deyil,

Bu sızıltı bir az başımdan gəlir.

Yox, deyəsən heç başım da ağrımır,

Bütün ağrılar yaddaşımdan gəlir.

***

Ayaq altda ayaqlandı ömürlər,

Nə vardısa, hissə-hissə batırdıq.

Qolumuzu kəsib gedən kəslərin,

Başlarını qolumuzda yatırdıq.

***

Təzə arzu körpə qığıltısıdı,

Xatirələr qocalığın həvəsi.

Üç mahnının toplusuymuş bu ömür,

Qəhqəhə, hıçqırıq, fatihə səsi.

***

Sən ağladın, mən ağladım nə fərqi,

Ağrımızın canı birdir, ruhu bir.

Hər gecə gözümüz pəncərədədi,

Gecə keçsə, açsaydıq sabahı bir.

TALEYİN BOŞ SİNƏSİNƏ

Yandırıb külümü səpin dənizə,

Yazmayın adımı daş sinəsinə.

Cücərtməz, böyütməz yenidən məni,

Qoymayın torpağın yaş sinəsinə.

***

Ömür budaqlanar sanma, yenidən,

Peşmanlı günləri anma yenidən.

Ağladım, çırpındım, amma yenidən,

Sığındım taleyin boş sinəsinə.

***

Dayanıb ağrılar qolları açıq,

Gedəcəm dünyadan əlləri açıq.

Yüyür harayıma yolları açıq,

Çəkdi baharımı qış sinəsinə.

Sığındım taleyin boş sinəsinə.