Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

8 İyul 2021 11:42
Bəyəndim (4) Bəyənmədim (0)

İftixar Ceyhun

SƏN ƏLDƏN DÜŞƏNDƏ

Yuxular ayılar səndən bir səhər,

Uğrunda ölümə pəncə atdığın,

Soyuqda üstünə pencək atdığın,

Yox olar, ayrılar səndən bir səfər.

Ölümün əlindən lap əmud düşər,

Sən əldən düşəndə.

Tanrının cibindən bir ümid düşər,

Sol çiynin qələmi buraxa bilməz.

Əlini tutmağa qorxduğun adam,

Öləndə əlini buraxa bilməz.

Alçaq çiyinlərə dırmanan zaman,

Külək də oxşayar taxta evini.

Torpağın ovcunda dik ayılarsan,

Allahın sevdiyi kitab içində,

İki dost vərəqi tək ayırarsan.

Göylər də sonuncu andı içəndə,

Cənnət üfürərək qanqı içəndə.

Hamının dilindən bircə “ah” düşər,

Sən əldən düşəndə,

Şeytanın gözündən min günah düşər.

DÖYÜLDÜYÜM BU KÜÇƏ

Silinməz xatirəm var, gülüşün göz yaşıma

qarışan bu küçədə,

Səssiz gecələrində bizə sevgi nağılı,

danışan bu küçədə.

***

Ürəyim yaşaranda məni uşaq sanırdı,

Böyüdüyüm bu küçə.

Səni gözləyən zaman yağış damlalarıyla,

Döyüldüyüm bu küçə.

***

Bilirsənmi əzizim, əvvəllər sən qoxardı,

bu küçənin havası?

Yadındamı bir dəfə, “nə üçün pul vermədin,

dilənçiyə davası”?

***

Daha adın yazdığım bu küçənin daşları,

tanımırlar adını.

Səni də qınamıram, sən nə biləsən axı,

sənsizliyin dadını.

***

Bizdən yetim qalıbdı küçədəki oturacaq,

üç-beş günə yıxılar.

Yuxuda xoşbəxt idik, nə biləydim o vaxtı,

düz çıxmayır yuxular.

DAĞILMIŞ MİSRALAR

“Ürəyin yox”, dediyin adam ürəkdən yazır,

gözlərini bağla, bax.

Dağılmış misraları gülüb yığan qadına,

yaraşarmı ağlamaq?

***

İnan yazmazdım səni, haramlaşan yuxular,

boğaza yığmasaydı.

Kaş mənə ağır gələn o daş ürəkli səni,

kağıza yıxmasaydım.

***

Günah yazıldı mənə, bunu Tanrı etmədi,

axır sən etdin, gülüm.

Mələk donlu şeytanı, vəsf eləmək özü də,

ağır sənətdir, gülüm.

Nuridə Misir

İÇİNDƏ

Dalğa kimi qayalara çırpılıb,

İtib getdim bir ümmanın içində.

Ayrılığı sevə-sevə yaşadım,

Ömür adlı xanimanın içində.

***

Yağış yağar, təzələnər çöl, çəmən,

Açılıbmı nərgizgülü, yasəmən.

O yerləri görərəmmi bir də mən?

Azıb qaldım bir gümanın içində.

***

Əllərimdə çiçəklərin nəfəsi,

Gözlərimdə yaşamağın həvəsi.

Əsir qaldı Nuridənin Kəbəsi,

Ümid adlı asimanın içində.

YOX Kİ

Ömür gedir addım-addım,

Doğmam getdi, qaldı yadım.

Dünyanı çox gec tanıdım,

Zəhəri var, qanı yox ki.

***

Ölüm gecə laylasıdır,

Əzrailin Leylasidir.

Əbədiyyət dünyasıdır,

Gecəsi var, danı yox ki.

***

Həyat bir səhnə, gərəksiz,

Dünya sütunsuz, təkərsiz.

Bir gün qalar Nuridəsiz,

Bunun özgə yanı yox ki.

ÖMÜR YOLUM

Üzümdə iztirab, gözümdə kədər,

Qurğuşun tıxanıb qulaqlarıma.

Sən, Allah, bir daha sevirəm demə,

Həsrətin yapışıb dodaqlarıma.

***

Bilmədim ömrümün hansı fəsliydi,

Yaz idi, yay idi, ya payız idi.

Uzaq xatirələr dəniz kimiydi,

Sanki həyatım da ağ kağız idi.

***

Bir ömür yüküdür çəkdiyim, Allah,

Ha tökdüm şələmi, heç azalmadı.

Sevinci uçurtdum göylərə sarı,

Onu kədər tutdu, qəm qucaqladı.

***

Mənim ömür yolum sanki boz xalı,

Özümə bükülən kəfən kimidir.

Naxışsız ömrümün boz gözəlliyi,

Əllərim çatmayan Vətən kimidir.