ƏBƏDİYYƏTİN RƏŞAD ADLI ÜNVANI

ƏBƏDİYYƏTİN RƏŞAD ADLI ÜNVANI

16 İyul 2021 11:06
Bəyəndim (4) Bəyənmədim (0)

1988-ci ildən başlayan işğalçı Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları Qarabağ müharibəsinin başlanğıcı olmuşdu.1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində başlanan şiddətli qarşıdurmalar isə bu müharibənin davamı olmuşdur. Yenicə müstəqillik qazanan Azərbaycan minlərlə igidini itirdi. İtirilən torpaqlarımız uğrunda Azərbaycanın igid oğulları son damla qanına qədər vuruşdular. Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldılar. 2020-ci ilin iyul ayında Tovuz ərazində düşmənlə döyüşdə hərbi xidmətini layiqincə yerinə yetirən qeyrətli Vətən oğulları generalımız, mayorumuz, baş leytenantımız, ümumilikdə 12 hərbiçimiz şəhidlik zirvəsinə ucaldı. Bu şəhidlərdən biri də Baş Leytenant Mahmudov Rəşad Rəşid oğludur.

Şəhidimiz Mahmudov Rəşad Rəşid Oğlu 1992-ci ilin 2 iyulunda Biləsuvarın aşağı Cürəli kəndində anadan olmuşdur. Uşaq yaşlarından əziyyətlə böyümüşdür. Ailədə iki övladın böyüyü idi Rəşad. Ana iki övladı ilə qardaş himayəsində qalır, pambıq tarlalarında işləyərək zəhmətlə, əziyyətlə iki oğlunu atasız böyüdür. Kiçik oğlu Rəis bir neçə il bundan öncə faciəvi şəkildə dünyasını dəyişir. Sevda ananın göz dikdiyi, ümidi, gələcəyi Rəşad Mahmudov idi.

Rəşad məktəbi bitirdikdən sonra 2007-ci ildə C.Naxçıvanski adına liseyə daxil olur, bitirdikdən sonra 2010-cu ildə H.Əliyev adına Ali Hərbi Məktəbə qəbul olur. Bir il ümumqoşun (motoatıcı) ixtisasına yiyələnir. 2-ci kursda isə artilleriya ixtisasın seçir. 2014-cü ildə ali məktəbi bitirir. 1 il ərzində 2014-2015-ci illərdə silahlı qüvvələrin təlim-tədris mərkəzində zabit ixtisas kursunu keçir. 2017-ci ildə baş leytenant rütbəsinə layiq görülür. 2018-ci ildən xidmətini davam etdirir. Uşaqlığını və gəncliyini hərbə həsr edir, Rəşad.

Xidməti müddətində dəfələrlə könüllü olaraq ön xətdə xidmət etmək istəyi ilə müraciət etmişdir. 2019-cu ildə Ağstafada bateriya komandiri, 2020-ci ilin iyun ayında istəyi həyata keçirilərək, Tovuzda ön xətdə xidmətini əlahiddə minaatan bateriya komandiri olaraq davam etdirir. Mənfur düşmənlər yenə də işğalçı siyasətindən əl çəkmədilər. Bu dəfə Tovuz istiqamətində 2020-ci ilin 12 iyulunda hücuma keçdilər. Öz vəzifə borcunu yerinə yetirərkən, ön cəbhəyə gəldiyinin 1 ayı tamam olmamış, baş leytenant Rəşad Mahmudov qəhrəmancasına əbədiyyətdəki uca məqamına, şəhidliyə ucaldı. Şəhidlik məqamını, Vətənə xidmətini, qələbə ümidini, arzusunu, öz yoldaşlarına ötürdü. Şəhidimiz Rəşad doğulduğu Biləsuvarın Cürəli kəndində torpağa tapşırıldı.

Zəhmətiylə tikdirdiyi evi hazır edib ailə quracaqdı Rəşad. Yarım qalan arzuları, yarım qalan ömrü kimi zəhmətiylə tikdirdiyi evi də yarımçıq qaldı.Arzusuydu min zəhmətlə onu böyüdən anasıyla tikdirdiyi evdə yaşaya bir ömür. Sevda ananın da göz tikdiyi Rəşad adlı ümid çırağı söndü.

Ömür adlı bağçasında,

Vaxtsiz solan arzuları.

Son ümidi, son istəyi,

Vətən adlı sevgisi var.

Arzuları kimi ömrü də yarımçıq qalan şəhidim, səndən sonra vətən oğulları qisasını da aldılar.

27 sentyabr 2020-ci il tarixində II Qarabağ müharibəsinin başlanmasıyla, işğalda olan torpaqlarımızın azadlığı uğrunda oğullar sinəsini sipər etdilər. Müasir texnikalara yiyələnən rəşadətli ordumuz yeni tarix yazdı şərəfiylə, qanıyla. Zəfər bayrağımız dalğalanır qan tökdüyünüz torpaqlarımızda. Ruhunuz şad olsun, şəhidlərim, qisasınız alındı.

Prezident İlham Əliyevin sərəncamına əsasən, baş leytenant Rəşad Mahmudov ölümündən sonra “İgidliyinə görə” və Azərbaycan Milli Ordusunun 100 illiyi yubiley medalına layiq görüldü.

Ruhun qarşısında baş əyirəm, cənnət ətirli şəhidim!

Aynurə İnci

Oxuməni.az