Belə şəraitdə işləyən adam 40-45 yaşında infarkt olacaq” – Həkimdən XƏBƏRDARLIQ

Belə şəraitdə işləyən adam 40-45 yaşında infarkt olacaq” – Həkimdən XƏBƏRDARLIQ

1 İyul 2023 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

World Healt Organization"un 2020-ci il statistikasına əsasən, hər 100 000 nəfərə düşən ürək xəstəliklərindən həyatını itirənləri nisbəti açıqlanıb.

Siyahıya Tacikistan (389) birincilik etsə də, ikinci yerdə Azərbaycan (388) dayanır.

Statistik rəqəmlərinə görə ölkəmizlə bağlı vəziyyət heç də ürəkaçan deyil.

Dünyada və o cümlədən, Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir.

Bunun başlıca səbəblərindən biri kimi insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.

Bəs görəsən, ürək xəstəliklərinin ölkəmizdə artmasının əsas səbəbi nədir? Bu stress, iqtisadi vəziyyət, yoxsa sağlam qidalanmamaqla əlaqəlidir?

Oxuməni.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli danışıb.

Kardioloq yayılan statistik rəqəmlərin doğruluğuna şübhə ilə yanaşdığını bildirib:

"Mənim qənaətimə görə, Azərbaycanın ürək xəstəliklərinə görə ikinci yerdə olması statistikanın düzgün aparılmaması ilə bağlıdır. Kim ölürsə, ölüm kağızına səbəb kimi ürək xəstəlikləri yazırlar. Axırda da gəlib nəticə belə çıxır. Azərbaycanda ürək xəstəlikləri təbii ki, çoxdur, amma bu qədər yox.

Nəticənin çox olmasının səbəblərindən biri xəstənin diaqnozunun qoyulmasından asılıdır, məsələn, bizdə elə kəndlər var ki, orada heç ürək xəstəliyi diaqnozu qoyulmur, bu o demək deyil ki, həmin bölgədə ürək xəstəliyi olanlar yoxdur. Sadəcə həmin ərazidə insanlar ya həkimə getmirlər, ya qeydiyyata alınmırlar, bir də görürsən həmin adam yıxılıb öldü.

Ürək-damar sistemi xəstəliklərinin Azərbaycanda vahid registri yoxdur, təkcə ürək-damar deyil, heç bir xəstəliyin bizdə vahid qeydiyyatı aparılmır, adicə şəkərli diabetin özünün belə düzgün registri yoxdur. Ona görə insanlar öləndə baxırlar ki, qoca adamdır, götürüb yazırlar ürək xəstəliyi... Axırda da rəqəmləri hesablayırlar və statistika bu cür çıxır. Mən onların heç birini əsaslı statistika hesab etmirəm".

Kardioloqun sözlərinə görə ürək-damar sistemi xəstəliklərinin artmasında başlıca səbəb həyat şəraitidir:

"Ürək xəstəliklərinin ölkədə azalması üçün insanlara normal adam şəraiti yaratmaq lazımdır. Mən bəzən gecə saat 3-ə qədər gecə növbəsində oluram, işdən çıxıb taksi ilə evə gedirəm. Sürücü ilə danışanda məlum olur ki, səhərdən işləyir. Deyir 14 saatdan çox sükan arxasında oluram, gecəyə kimi işləyirəm. Bir əlində siqaret, o biri əlində qıcıqlandırıcı, yuxunu qaçıran enerji içkiləri maşın sürürlər. Gün ərzində də əlinə nə düşürsə - "fast food", peraşki, hər cür qeyri-orqanik qidalardan qəbul edir. Bu adam təbii ki, 40-45 yaşında artıq infarkt olacaq. Belə şəraitdə işləyən adam infarkt olmasın, nə etsin?"