Leyla Yunus pasportlarının geri qaytarılmasını tələb edir
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mayın 29-da Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinə dəvət olunub.
"Səhər saat 10:05-də xüsusilə mühüm işlər üzrə müstəntiq İbrahim Ləmbəranski mənə telefon edərək iki saatdan sonra prokurorkuğa gəlməyimi istədi", - L.Yunus Turan-a bildirib. O qeyd edib ki, görüşün səbəbləri açıqlanmayıb.
"Mən Ləmbəranskiyə dedim ki, bir şərtlə gələrəm ki, qanunsuz götürülmüş pasportlarımız mənə və həyat yoldaşıma qaytarılsın", - L.Yunus vurğulayıb. O dəqiqləşdirib ki, pasportları aldıqdan iki saat sonra prokurorluqda olacaq.
L.Yunus jurnalistlərin dəstəyini istəyib.
Hüquq-müdafiəçisi "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu gün səhər saatlarında müstəntiq İbrahim Ləmbəranski zəng edib və onu prokurorluğa çağırıb. Leyla Yunus isə əvvəlcə onlardan qanunsuz olaraq götürülən pasportlarını istədiyini, daha sonra istintaqa gələcəyini deyib: "O özünü elə apardı ki, guya heç nə başa düşmədi və yenidən təkrar etdi ki, 2 saat sonra məni istintaqda gözləyəcək. Mən ona cavab verdim ki, əgər bir saat sonra o, yaxud Baş Prokurorluqdan kimsə evimizə bizim qanunsuz olaraq götürülən sənədlərimizi gətirsə, o zaman 2 saat sonra prokurorluğa gedəcəyəm. Əgər pasportu gətirməsələr, qaytarmasalar hətta bir ordu polis mənim evimə hücum etsə də mən heç yerə getməyəcəm dedim və telefonu bağladım".
Xatırladaq ki, Leyla və Arif Yunuslar aprelin 28-də Fransaya konfransa yola düşməzdən əvvəl Bakı aeroportunda saxlanılıblar. Onlara qarşı rəsmən heç bir ittiham irəli sürülməyib. Lakin hökumətyönlü KİV onu erməni QHT-lərlə əməkdaşlıqda ittiham edib.
Mediainfo.az