
“Azərsığorta” şəhid ailəsinə dəyən ziyanı ödəmək istəmir
Ailə maliyyə naziri Samir Şərifovdan kömək istəyir
"Sığortalara nəzarət Maliyyə Nazirliyində olduğu üçün Samir Şərifova müraciət edərək xahiş edirəm - 4 aydır şəhid ailəsini süründürən və haqqını qəsb edən "Azsığorta" şirkəti barəsində ölçü götürün və bizə dəyən ziyanı ödəsinlər" – bu sözləri "Yeni Müsavat"a müraciət edən Nazilə Bədrəddin qızı Təhməzova yazır.
Şəhid ailəsi qeyd edir ki, maliyyə naziri Samir Şərifova müraciət edib kömək istəyir: "Yoldaşım Əmirulla Rufulla oğlu İbrahimov 1994-cü ilin yanvarın 29-da Ağdərə döyüşlərində şəhid olub. Bu il iyulun 9-da Şirvan şəhərində oğlum Vasif İbrahimov "Daevo Gentra" markalı, Az 99 AB 681 dövlət nişan nömrəli şəxsi avtomobilin arxa tərəfinə "Mersedes" markalı maşın çırpılıb. Qəza zamanı oğlumun maşınının arxa hissəsi yararsız hala düşüb. Qəzanı törədən avtomobil "Azsığorta" şirkətində sığortalandığından oğlumun maşınına cəmi 2 min 620 manat təmir xərcləri verildi. Lakin maşının təmir üçün aparıldığı "Daevo servis" dəyən ziyan 5 min 500 manat olduğunu bildirirlər. "Azsığorta" şirkəti isə qəti şəkildə dəyən ziyanı tam şəkildə ödəməkdən imtina edir. Ona görə də oğlumun maşını servisdə qalıb, düzəltdirə bilmirik. Şəhid ailəsinin dolanışığı hardandır ki, qalan pulu aparıb verək, maşın düzəlsin? Ona görə də sığorta şirkətlərinə nəzarət edən nazirliyin rəhbəri kimi Samir Şərifovdan xahiş edirik ki, maşının təmir xərclərinin tam şəkildə ödənilməsinə göstəriş versin".
Mediainfo.az