Qardaşı arvadını öldürən Bakı sakini ruhi xəstə çıxdı

Qardaşı arvadını öldürən Bakı sakini ruhi xəstə çıxdı

12 Fevral 2013 18:16
Bəyəndim (0) Bəyənmədim (0)
Məhkəmə Kürdəxanı sakinini məcburi müalicəyə göndərdi

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinən Kürdəxanı qəsəbə sakini, 1968-ci il təvəllüdlü Canbala Atababayevin cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, ötən ilin oktyabrın 9-da Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində Canbala Atababayev qardaşının həyat yoldaşı, 1982-ci il təvəllüdlü Mətanət Məlikovanı güllələyib. Canbala Atabalayev odlu silahla qətl hadisəsi törədərək "VAZ 2107" markalı avtomobillə qaçıb. Canbala Atabalayev qardaşının həyat yoldaşı Mətanət Məlikovanı "Vinçester" markalı silahla qətlə yetirib. Onun tutulması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri başlanılıb və Bakı şəhərində bütün istiqamətlərdə silahlı polis postları qurulub. Nəticədə o, hadisədən iki gün sonra həbs edilib. O da müəyyən edilib ki, Mətanət Məlikovanın həyat yoldaşı Nuruş Atababayev təxminən 4 il öncə qətlə yetirilib. Həmin şəxs imkanlı olub. Onun qəsəbədə torpaq sahələri, Bakının bir neçə yerində mağazaları olub. Nuruş əsasən ət satışı ilə məşğul imiş. Ər-arvadın qəsəbədə xeyli sayda mal-qara saxladığı da deyilir.

Mətanət Məlikovanın həyat yoldaşı dünyasını dəyişəndən bir müddət sonra Canbala Atababayevlə onun arasında mülk mübahisəsi düşüb. Canbala Atababayev və onun ailə üzvləri Mətanət Məlikovaya təzyiq edərək ərinə məxsus mülklərin onların adına keçirilməsini istəyiblər. Bunun müqabilində onlar hər bir obyektə görə Mətanət Məlikovaya ayda 200 manat pul verəcəklərini deyiblər. Lakin Mətanət tələblərlə razılaşmayıb.

Sonradan onlar Mətanət Məlikovadan qəsəbədə yaşadığı evdən çıxmağı tələb ediblər. Bundan sonra mərhum həmin evdən çıxarılıb. Yaranmış vəziyyətlə bağlı Mətanət Məlikova məhkəməyə müraciət edib və məhkəmə onun xeyrinə qərar çıxarıb.

Oktyabrın 8-də Mətanət Məlikova 1 illik fasilədən sonra 10 yaşlı oğlu Turalla birlikdə öz evinə qayıdıb. Həmin gün gecə saat 12:00 radələrində Canbala Atababayev barışıq təklif etmək adı ilə Mətanət Məlikovanın yaşadığı evə gəlib və qardaşı oğlu Turalı mağazaya göndərəndən sonra evdə qətl hadisəsini törədib.

Prokurorluq Canbala Atababayevi Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edib və cinayət işini baxılması üçün məhkəməyə göndərib.

Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müəyyən edilib ki, Canbala Atababayev yuxarıda qeyd olunan maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə tutulub. Buna görə də onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi barədə qərar qəbul edib.

Həmin hökmdən Baş Prokurorluq apellyasiya protesti verib. Prokurorluq protestində təqsirləndirilən şəxsin barəsində çıxarılan qərarın ləğv edilməsini və ittiham hökmünün çıxarılmasını istəyib. Bu şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Əflatun Qasımovun icraatına verilib.

İnarə Rafiqqızı

O.M.