Yol verməməyə görə qətl törətdi
Bu gün Bakı Apelyasiya Məhkəməsində yol verməmək üstündə cinayət törədən Hacıqabul sakini Elvin Həşimov və Bakı sakini Əsgər Rzayevin məhkəməsi başa çatıb
Məlumata görə, 2012-ci il dekabrın 12-də Bakı-Ələt magistralında Rafiz Abbasovla Elvin Həşimovun arasında dava olub. Avtomobildə sükan arxasında olan şəxslərin arasında yol verməmək üstündə mübahisə yaranıb. Onların mübahisəsi sonradan davaya çevrilib.
Dava zamanı Elvin Həşimovla birlikdə avtomobildə olan Əsgər Rzayev Rafizi döyüb. Rafiz Abbasov onları söyüb. Bu zaman onun söyüşünə Elvin bıçaqla cavab verib. Elvin Həşimov Rafiz Abbasovu bıçaqlayandan sonra hadisə yerindən qaçıblar.
Buna baxmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları onları Gəncə şəhərində həbs edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Həşimov 14 il, Əsgər Rzayev 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Elvin Həşimovun cəzasının yüngülləşdirilməsi ilə bağlı şikayəti təmin edilməyib. Əsgər Rzayev isə şikayətindən imtina edib. Buna görə də onun apelyasiya şikayətinə baxılmasına xitam verilib. Məhkumlar cəzalarını çəkmək üçün həbsxanaya göndəriliblər